
Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası “Tarixə ekskursiya” layihəsinin qalibi olub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində gənclərarası bilik yarışı təşkil edilib. “Tarixə ekskursiya” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışda gənclər öz bilik və bacarıqlarını sınayıblar.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin Naxçıvanda yerləşən muzeylərə ekskursiyasını təşkil etmək və gəzinti bitdikdən sonra topladıqları məlumatların yoxlanılması məqsədilə intellektual oyun keçirməkdən ibarət olub. Heydər Əliyev Muzeyi, Xalça, Cəmşid Naxçıvanski, Milli Dəyərlər və Ədəbiyyat muzeylərini ziyarət edən gənclər muzeylərin yaranma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatları haqqında ətraflı məlumat alıblar.
Oyun üçün tərtib olunan suallar ekskursiyalarda verilən məlumatlarla bağlı olub. İntellekt yarışında ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 5 komanda mübarizə aparıb. Hər komandanın heyətində 5 oyunçu olub. İki turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Oyunda topladıqları xal və ümumi reytinq göstəricisi bərabər olduğundan üstünlüyə malik iki komanda üçün daha bir neçə sual əlavə edilib. Nəticədə, Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası yarışın qalibi olub. “Naxçıvan” Universitetinin “İstiqlal” və Naxçıvan Texniki Kollecinin “Zirvə” komandaları isə II, III yerləri bölüşüblər. Sonda ilk üçlükdə qərarlaşan komandalara və üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.