
Naxçıvan Dövlət Universitetinin qız tələbələri “Xəmsə” Milli İntellektual Oyunun qalibi olublar
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Naxçıvan Gənclər Fondunun dəstəyi ilə 8 mart-Beynəlxalq Qadınlar Günü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qızlar arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
Tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli qeyd edib ki, mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Bildirilib ki, dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. Oyun haqda məlumat verən fond əməkdaşı xanımları bayram münasibətilə təbrik edib və komandalara uğurlar arzulayıb.
Universitet Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov oyunun qaydaları barədə məlumat verib.
Qeyd edək ki, oyun yarımfinal və final mərhələsindən ibarət olmaqla 8 komandanın iştirakı ilə baş tutub. Hər mərhələdə ən yüksək xal yığaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanıblar.
Yekun nəticələrə əsasən 3 komanda ilə yarışa qatılan Naxçıvan Dövlət Universiteti oyunun qalibi olub. Naxçıvan Musiqi Kollecinin komandası II, universitetin digər komandası isə III yerə çıxıb. Qalib gələn komandalara qiymətli hədiyyələr təqdim olunub.