
Naxçıvan Dövlət Universitetinin qoşulduğu Erasmus + LMQ SANTE layihəsinin ilk konfransı keçirilib
Naxçıvan Dövlət Universitetində Erasmus + LMQ SANTE layihəsinin Beynəlxalq pilot qrupunun onlayn konfransı keçirilib. Layihənin ilk iclasında görüləcək işlər haqda məlumatlar verilib. Konfransada layihəyə tərəfdaş olan hər bir universitet qısa təqdimatlarla çıxış edib.
Qeyd edək ki, “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda Səhiyyədə strateji keyfiyyət menecmenti, riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” mövzusunda layihənin müddəti 3 ildir. Naxçıvan Dövlət Universitetinin də qoşulduğu layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Başqa sözlə, layihə təlim-tədris proqramlarını inkişaf etdirmək və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşısına məqsəd qoyur.
Məlumat üçün onu da bildirək ki, partnyor ölkələrin səhiyyə və təhsil nazırliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatorı isə Azərbaycan Texniki Universitetidir. Layihədə Avropa İttifaqından Afina Universiteti, Nice Universiteti, Cluj Universiteti, Rusiya Federasiyasından 8 universitet, Qazaxıstandan isə 6 universitet iştirak edir. Layihədə ölkəmiz, həmçinin Seçenov adına Moskva Tibb Universitetinin filialı və Onkologiya mərkəzi ilə təmsil olunur.