Naxçıvan Dövlət Universitetinin rəssam tələbələri müsabiqənin qalibi olublar

Naxçıvan Dövlət Universitetinin rəssam tələbələri müsabiqənin qalibi olublar

Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilib. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisası üzrə gənc rəssamların da qatıldığı müsabiqədə 26 müəllifin 40 rəsm əsəri nümayiş olunub. Rəsm əsərlərində vətənpərvərlik hisslərinin tərənnümü və şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti əks olunub.

Bu münasibətlə Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan ordusunun qazandığı qələbənin timsalında Ali Baş Komandanın sarsılmaz qətiyyəti və xalqla ordunun birgəlik nümayiş etdirməsi, cəsur igid oğularımızın yüksək vətənpərvərliyi dururdu. Vurğulanıb ki, bu cür müsabiqələrin təşkil edilməsi gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi və şəhidlərimizin əziz xatirəsini daim uca tutub gələcək nəsillərə çatdırmaq kimi ən ali bir vəzifənı daşıyır.

Müsabiqənin sonunda Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi  ixtisası üzrə II kurs tələbəsi  Türkan Əsədova və  Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova müsabiqənin qalibi olublar. Naxçıvan Dövlət Universitetinin tələbəsi Fərqanə Seyidova, Naxçıvan Tibb Kollecinin tələbəsi Ruhanə Bədirova II, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnarə Kərimova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elnur Tağıyev  III,  Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi  ixtisası üzrə III kurs tələbəsi  Könül Kazımlı isə həvəsləndirici yerə layiq görülüblər.

Müsabiqənin qalibləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif hədiyyələr və diplomlarla təltif olunublar.