Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə ilin ən yaxşı universitetinin ən yaxşı rektoru mükafatı təqdim olunub
Naxçıvan Dövlət Universitetində təşkil edilən mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev ötən ildə universitetin qazandığı uğurları diqqətə çatdırıb.
Universitetin tanıtım videoçarxı nümayiş olunub.
Qafqazın ən böyük təhsil səhifəsi olan Azərbaycan Universitetləri facebook sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman qeyd edib ki, 2011-ci ildən yaradılan səhifə 11 ildir ki, təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırır. Vurğulanıb ki, 2013-cü ildən bəri ildə iki dəfə olmaqla keçirilən müsabiqə ali təhsil ocaqları arasında sağlam rəqabət mühitinin formalaşmasına öz müsbət təsirini göstərir. Qeyd edilib ki, öz unikallığı ilə seçilən sorğu bəyənmələrlə yanaşı universitet və rektor haqda yazılan müsbət rəylərlə digərlərindən fərqlənib. Vurğulanıb ki, 405 mindən çox izləyicisi olan səhifədə 40 faiz səs çoxluğu ilə Elbrus İsayev qalib seçilib.
Ali təhsil ocağının rektoru Elbrus İsayev qazandığı uğuru universitetin nailiyyəti, ona verilən dəyər kimi səciyyələndirib. Qeyd edilib ki, təhsil yeniliklərini ictimailəşdirmək baxımından sosial medianın fəaliyyəti təqdirəlayiqdir. Rektor operativ informasiyanın çatdırılmasında sosial şəbəkələrin müsbət fəaliyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ali təhsil ocağı müxtəlif yeniliklərə imza atıb, beynəlxalq əməkdaşlıqda uğurlar əldə edib, ikili diplom layihələrinə start verib. Rektor 2021-ci ilin ali təhsil ocağı üçün bir sıra mühüm yeniliklərlə yadda qaldığını diqqətə çatdırıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı dünyanun nüfuzlu universitetlərinin reytinq cədvəlində yer alıb. Universitetdə Texnologiya, Atıcılıq mərkəzi, Robototexnika, Kriminalistika və məhkəmə ekspertizası laboratoriyaları, Əczaçılıq Simulyasiya Kabinəsi, Yaşıl Əczaxananın qurulmasının tələbələrin keçdikləri nəzəri biliklərin daha dərin mənimsənilməsində əhəmiyyətli dərəcədə rol oynadığı diqqətə çatdırılıb. Rektor Azərbaycan Ali Təhsil məkanında ilk olaraq universitetdə qurulan Texnopark layihəsindən danışıb. Vurğulanıb ki, ötən ildə də professor-müəllim heyəti nüfuzlu elmi jurnallarda məqalələr nəşr etdirməklə öz elmi potensiallarını nümayiş etdiriblər. Rektor ali təhsil ocağında əcnəbi tələbələrin sayında yüksək artım olduğunu qeyd edərək diqqətə çatdırıb ki, universitetdə 10-a yaxın ölkədən 1500-ə yaxın tələbə təhsil alır. Elbrus İsayev bildirib ki, Universitet Televiziyasının müstəqil kanalda muxtar respublika ərazisində yayımına başlanılması “Jurnalistika” ixtisasında dərs deyən müəllim və tələbələrin bu sahə üzrə məsuliyyətini daha da artırmaqla bərabər təcrübi bazasının yüksəldilməsinə də öz töhvəsini verib. Qeyd edilib ki, universitetin tərkibində Musiqi Kollecinin yaradılması birgə konsertlərin keçirilməsinə və incəsənət sahəsində təcrübə mübadiləsinə şərait yaradıb. Rektor gündəlik qayğı ilə əhatə olunan universitetin gələcək hədəflərini diqqətə çatdıraraq göstərilən etimadı doğrultmaq naminə hər kəsi daha məhsuldar və məsuliyyətli işləməyə səsləyib.
Azərbaycan Universitetləri facebook sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman ilin ən yaxşı universitetinin ən yaxşı rektoru plaketini Elbrus İsayevə təqdim edib.
Tədbirdə çıxış edənlər rektoru təbrik edib, ona peşəkar və yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, Elbrus İsayev hər üç – Facebook, İnstaqram, Teleqram sosial şəbəkə hesablarında qalib olub. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Universitetlərinin Teleqram kanalı Azərbaycan Teleqram seqmentində təhsil kateqoriyası üzrə liderdir. Səhifə müəllim və tələbələrin bir sözlə, bütün təhsil sferasının uğurları və problemlərinin ictimailəşdirilməsi və həlli üzrə aktiv fəaliyyət göstərir.