Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil aldığı məktəbdə nümunəvi dərs keçib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil aldığı məktəbdə nümunəvi dərs keçib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin orta təhsil aldığı məktəbdə nümunəvi dərsi keçirilib.  Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX a sinif şagirdləri üçün “Azərbaycan tarixi” fənninin tədrisini təşkil edən rektor Qarabağ və Naxçıvan xanlığının tarixindən danışıb. Tarixi faktlarla Azərbaycanın qədim yurd yeri, əzəli və əbədi torpaqları olan – Qarabağımızın tarixindən ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə – 44 gündə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. II Qarabağ müharibəsində qazandığımız qələbənin mənəvi tərəflərinə diqqət çəkən rektor qeyd edib ki, Biz nahaq yerə qan axıtmamışıq, biz itirdiyimiz, bizdən alınan torpaqları, soydaşlarımızın zorla qovulduğu torpaqları  geri qaytarmışıq.  Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Rektor vurğulayıb ki, həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün qazandığı tarixi Qələbə əslində, erməni faşizminin iç-üzünün açılması və bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərmək yolunda ən uğurlu addım sayıla bilər. Şagirdlərin suallarını cavablandıran Elbrus İsayev ixtisasından asılı olmayaraq hər kəsi keçmişinə dərindən bələd olmaq üçün öz tarixini öyrənməyə və bədnam qonşularımızın xalqımıza yaşatdığı çətin sınaqlardan dərs almağa çağırıb.

Rektor müəllifi olduğu Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs edən “Böyük İpək yolu və Naxçıvan” (2012), şagirdlər üçün yararlı ola biləcək əlavə dərs vəsaitlərini məktəbin kitabxanasına hədiyyə edib. Həmçinin, universitetin “Elmi əsərlər” jurnalını da şagirdlərə hədiyyə edən rektor vurğulayıb ki, şagirdlər öz müəllimləri ilə birgə yazdığı məqalələri həmin jurnalda dərc etdirə bilər.

Qeyd edək ki, Elbrus İsayevin orta məktəb müəllimi kimi də təcrübəsi var. Belə ki, 2000-2005-cü illərdə O, Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib.