
Naxçıvan Dövlət Universitetinin rektoru və nümayəndə heyəti Türk Qastroenterologiya Dərnəyinin dəvəti ilə qardaş ölkədə beynəlxalq konqresdə iştirak ediblər
Naxçıvan Dövlət Universiteti I Beynəlxalq Tibbi Forum çərçivəsində birgə əməkdaşlıq etdiyi Türk Qastroenterologiya Dərnəyinin dəvəti ilə qardaş ölkədə olublar. Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Türkiyənin Ankara şəhərində Türk Qastroenterologiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən “39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenterologiya Cərrahiyyə Konqresi”ndə iştirak ediblər.
Dünyanın 20-dən çox ölkəsindən, 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, universitet və dərnəklərini bir araya gətirərək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil edib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb.
Konqres çərçivəsində Naxçıvan Dövlət Universitetinin uzun müddət əməkdaşlıq etdiyi İzmit Kocaeli Universiteti, eyni zamanda Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları ilə görüşlər keçirilib. Görüşlərin əsas məqsədi müxtəlif xarici ölkə universitetləri, dərnək və cəmiyyətlərlə əməkdaşlıqların yaradılması, universitetimizin beynəlxalq arenada tanınması baxımından geniş imkanlar yaradılmasıdır.
Qeyd edək ki, konqres gələcəkdə universitetimizdə canlı heyvanlar üzərində aparılan əməliyyatların simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmalarının tibb təhsilinə innovasiyası baxımından böyük əhəmiyyət daşıyır.
Məlumat üçün onu da bildirək ki, konqresin təşkilatçı qurumları tələbə və rezidentlərin xarici ölkələrdə kurs keçmələrini dəstəkləyir.