
Naxçıvan Dövlət Universitetinin şəhid tələbələri “Vətən uğrunda” medalı ilə təltif ediliblər
Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Təltif edilənlər arasında Naxçıvan Dövlət Universitetinin üç tələbəsi də var. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlı Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!