Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri ilk dəfə Bakı şəhəri, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri ilk dəfə Bakı şəhəri, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert proqramı ilə çıxış edib

Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq, onları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsertdə görməkdən məmnunluğunu ifadə edib. Ümummilli lider Heydər Əliyevin birbaşa dəstəyi ilə yaradılan Naxçıvan Dövlət Universiteti Konservatoriyasının bugün görkəmli dövlət xadiminə həsr edilən konsert proqramı ilə çıxış etməsini rektor Naxçıvan Dövlət Universitetinin Ulu Öndərin ruhu qarşısında hesabatı kimi dəyərləndirib. Bildirilib ki, NDU-nun Konservatoriyası və Musiqi Kollecinin yaratdığı 150 nəfərə yaxın tərkibi ilə Simfonik orkestr Azərbaycan ali məktəbləri arasında yaradılan ilk musiqi kollektividir.  2021-ci ildə yaradılan və sayca 9-cu konserti olan NDU Simfonik orkestri dekabrın 22-si Türkiyənin Van şəhərində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert proqramı təqdim edib” deyə rektor çıxışında diqqətə çatdırıb. Elbrus İsayev konsert proqramında iştirakına görə qonaqlara təşəkkürünü bildirib.

Sonra bədii rəhbəri və dirijoru Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov olan Simfonik orkestr bir-birindən möhtəşəm musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin ifasında Müslüm Moqamayevin “Azərbaycan”, Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam”, Cahangir Cahangirovun “Alagöz”, Bəhram Nəsibovun “Qarabağ”, Kamalın “Sən elə bir zirvəsən”, Ramiz Mirişlinin “Naxçıvan təranəsi”, Eldar Mansurovun “İlhamla sabaha” əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə eyni zamanda xormeysterləri Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynova və Aytəkin Mustafayeva olan xor qrupunun ifaları da iştirakçılarda xoş ab-hava yaradıb. Qeyd edək, konsertdə millət vəkilləri, rəsmilər, AMEA-nın əməkdaşları, rektorlar, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Leave a Reply

Your email address will not be published.