Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə “Vətəndaş cəmiyyətində debat”(DVC) ictimai birliyi arasında onlayn əməkdaşlıq görüşü keçirilib
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbələr arasında təşkil edilən belə görüşlərin onların təcrübələrinin artmasına və dünyagörüşlərinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib. Qeyd edilib ki, görüş tərəfdaşlar arasında birgə layihə və proqramların həyata keçirilməsi, iş təcrübəsinin öyrənilməsi məqsədilə ictimai birliyin aparıcı proqramlarından olan Milli Debat Proqramı çərçivəsində müxtəlif sahələr üzrə debat yarışlarının, forumların, gənclərin səlis nitq və fikri ifadə etmək bacarığının formalaşdırılmasına yönəldilmiş proqramların keçirilməsini nəzərdə tutur.
Məlumat üçün bildirək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi fəaliyyətdə olduğu 20 il ərzində yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin Milli Debat Proqramı debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.