Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Ağbulaq” xizək mərkəzində təlim keçirilib

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı universitetin “Bədən tərbiyəsi və idman ” və “Məşqçilik” ixtisasının tələbələri “Ağbulaq” xizək mərkəzində təlim keçiblər. Universitetin rektoru Elbrus İsayev “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən universitetdə müxtəlif idman növü üzrə keçirilən məşğələlərdən danışıb.  Qeyd edilib ki, muxtar respublikada yeni xizəkçilik idman növünə olana maraq nəzərə alınaraq ali təhsil ocağının “Məşqçilik” ixtisasının III kurs tələbələri üçün “İdman turizmi” fənni tədris edilir. Muxtar respublikanın turizm potensialını nəzərə alaraq bu sahədə görülən işlərin gələcəkdə bu idman növü üzrə peşəkar kadrların hazırlanmasına öz töhvəsini verəcəyinə əminlik ifadə olunub. Rektor tələbələrin nəzəri biliklərin təcrübədə tətbiqi üçün keçirilən təlimin əhəmiyyətini önə çəkib və tələbələrə həm tədris, həm də asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıb. Bildirilib ki, Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” də bu istiqamətdə görülən işlərə bariz nümunədir.

Sonra tələbələr “Ağbulaq” xizək mərkəzində onlar üçün təşkil edilən təlimdə iştirak ediblər və mərkəzin ixtisaslı müəllimlərdən dərs alıblar. Tələbələrin təlimləri onlar üçün maraqlı və yaddaqalan olub.