
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün maarifləndirici tədbir keçirilib
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Payız-qış mövsümündə təhlükəsizlik tədbirləri, dəm qazı və ondan qorunma yolları, yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Zülfüqar Zülfüqarov, Turan Şahhüseynov, Azadə Cəfərova, Afaq Alməmmədov və Əbülfəz Qafarov çıxışlarında payız-qış mövsümünü təhlükəsiz keçirmək üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat veriblər.
Bildirilib ki, valideyn himayəsindən uzaq olan, kirayə evlərdə yaşayan tələbələr qış mövsümü dövründə qaz və elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməli, dəm qazından zəhərlənmə hallarının baş verməməsi üçün diqqətli olmalıdırlar.
Sonda suallara aydınlıq gətirilib, mövzu ilə bağlı videoçarx və slaydlar təqdim olunub.