Naxçıvan Dövlət Universitetinin tələbələri “Uğurlu biznesdə reklam və marketinq” mövzusunda təlimdə iştirak ediblər
Ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə əsasən İqtisadiyyat və idaretmə fakültəsinin Marketinq ixtisasında təhsil alan tələbələrə “Sahibkarlıq pramidası” layihəsi çərçivəsində “Uğurlu biznesdə reklam və marketinq” mövzusunda təlim keçirilib.
“Nəqşicahan” holdinqin reklam və marketinq işləri üzrə direktor müavini Nəriman Qasımovun keçdiyi təlimdə Marketinq nədir?, marketinq planı nə üçün lazımdır?, reklam çağırışı necə olmalıdır?, sosial şəbəkələrdə məhsul tanıtımı üçün strategiya, sosial media marketinqinin planı kimi mövzular haqda məlumat verilib. Təlimçi bunlarla yanaşı SWOT, PESTEL və ABC analizi haqqında da danışıb. Qeyd edilib ki, marketinq mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Vurğulanıb ki, mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi, bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, qiymətləndirilməsi, satışdan əvvəl və sonrakı xidmətin təşkili zamanı reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Sonda layihənin rəhbəri, İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə I kurs tələbəsi Məhərrəm Həsənova diplom, təlimdə fəal iştirak edən gənclərə isə sertifikatlar təqdim edilib.
Məlumat üçün onu da bildirək ki, 80 tələbənin iştirak etdiyi təlim 3 saat davam edib. İki mərhələdə keçirilən təlim zamanı fasilə müddətində iştirakçılar üçün kofe fasiləsi təşkil olunub.