Naxçıvan Dövlət Universitetinin tələbəsi onlayn rəsm müsabiqəsinin qalibi olub

Naxçıvan Dövlət Universitetinin tələbəsi onlayn rəsm müsabiqəsinin qalibi olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi “Təsviri incəsənət” ixtisası üzrə I kurs tələbəsi Türkan Əsədova 18-29 yaş kateqoriyası üzrə qalib olub.

Qeyd edək ki, onlayn müsabiqəyə, ümumilikdə, 93 uşaq, yeniyetmə və gəncin 148 rəsm əsəri buraxılıb. Müsabiqəyə 7-12 yaş kateqoriyası üzrə 31 nəfər 45, 13-17 yaş kateqoriyası üzrə 50 nəfər 82, 18-29 yaş kateqoriyası üzrə 12 nəfər 21 rəsm əsəri təqdim edib. Bakı məktəblilərinin  də qatıldığı müsabiqədə yaradıcılıq nümunələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilib. Rəsm əsərləri qiymətləndirilən zaman müəlliflərin yaşı nəzərə alınaraq düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb, müsabiqəyə təqdim olunan işlərin bədii dəyəri nəzərə alınıb.

Məlumat üçün onu da bildirək ki, gənc rəssam Rəssamlar birliyinin B.Kəngərli adına Sərgi Salonunda “Naxçıvan-95” adlı rəsm müsabiqəsində uşaqlar nominasiyasında,  Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Qəhrəmanlıq tariximinizin 20 yanvar səhifəsi” devizi altında keçirilən sərgidə, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqələrində qalib olub. Muxtar Respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May -Respublika Gününə həsr olunmuş “Azərbaycan- yurdum mənim” adlı rəsm müsabiqəsində II, “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinda III yerə layiq görülüb. Türkan Əsədova  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakıda keçirilən “Mənim Azərbaycanım” mövzusunda rəsm sərgisində uğurlu iştirakına görə fərqləndirilib. 2018-2019 cu tədris ilində isə incəsənət sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif edilib.