Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri Məmməd Arazın ev muzeyində olublar

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri Məmməd Arazın ev muzeyində olublar

     Şairin ev muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Məmməd Araz yaradıcılığının incə məqamlarından söz açıb. Qeyd edilib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, – deyən şair səmimi və zəngin bir yaradıcılığa malik olub.

    Tarix-filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Nadir İsmayılov Məmməd Araz yaradıcılığında mənəviyyat mövzusunda çıxış edib. Bildirilib ki, Şair düşüncələrini sırf, xalis bəşəri-fəlsəfi səpkidə qələmə alıb. Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır. Vurğulanıb ki, Məmməd Araz şeirinin hər sətri, hər misrası, hər detalı vətən sevgisini ifadə edir. Onun “Vətən mənə oğul desə”, “Ayağa dur Azərbaycan!”, ”Azərbaycan dünyam mənim” və.s şeirləri dillər əzbəri olub.

     Muzeyin direktoru tədbiri yüksək qiymətləndirib və təşkilatçılığa görə təşəkkür edib.

     Sonda tələbələrin bədii qiraətləri dinlənilib.

Leave a Reply

Your email address will not be published.