
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivi Culfa şəhər 3 saylı orta məktəbdə olub
Ali təhsil müəssisəsinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin Culfa şəhər 3 saylı orta məktəbin kollektivi ilə görüşü keçirilib.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva “Sağlam gənclik, sağlam gələcək” layihəsi haqqında ətraflı məlumat verib. Layihənin əsasən orta məktəblərdə təhsil alan şagirdlərin maariflənməsinə xidmət etdiyini vurğulayan İlhamə Mustafayeva həmçinin layihə çərçivəsində nümunəvi dərslərin, “İlk tibbi yardım” simulasiyasının təqdimatının və tibbi-profilaktik müayinələrin də olacağını diqqətə çatdırıb.
Sonra Tibb fakültəsinin müəllimləri orta məktəb şagirdlərinə nümunəvi dərslər keçib. Dərslərə orta məktəb şagirdləri maraq və həvəs göstərib, müəllimlərə suallar ünvanlayıblar.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və yuxarı kurs tələbələrinin iştirakı ilə keçirilən tibbi-profilaktik müayinələr zamanı məktəbin müəllim və şagirdləri terapevtik, pediatrik, stomatoloji və kardioloji müayinədən keçiblər.
Tibb fakültəsinin rezident və tələbələrinin hazırladığı “Kliniki ölüm zamanı təxirəsalınmaz yardım”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Sınıqlar”, “Məktəblinin sağlam qidalanması”, “Uşaqlarda artıq çəki və piylənmə”, “Fiziki aktivlik”, “Uşaqlarda şəkərli diabet” adlı təqdimatları dinlənilib. Proseslər tələbələr tərəfindən slayd şəklində və əyani olaraq göstərilib.
Təqdimatın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.