Naxçıvan Dövlət Universitetinin XV Universiadasının açılış mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin XV Universiadasının açılış mərasimi keçirilib

Ali təhsil ocağının İdman Kompleksində XV İdman Universiadası təşkil edilib. Universitetin fakültə komandaları “Orkestr alətləri və dirijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin səsləndirdiyi musiqi sədaları altında zala giriş edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki,  gənc nəslin sağlam yetişməsi və idmana marağın artırılması məqsədilə universitetdə mütəmadi olaraq müxtəlif idman oyunları, yarışlar təşkil edilir. Rektor həmçinin bildirib ki, “Nəfəs alətləri” orkestrinin idaman yarışlarında çıxışı yeniliklərdən biridir.

Tədbirdə Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə davamlı olaraq iki ildən bir universiadalar təşkil edilir. Həmçinin vurğulanıb ki, universiada basketbol, voleybol, tennis, stolüstü tennis və digər müxtəlif idman növlərindən ibarət olacaq. Eyni zamanda diqqətə çatdırılıb ki, bu il universiadaya yeni təsis edilmiş atıcılıq idman növü də əlavə edilib.

Tədbirdə eyni zamanda universitetin Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi,  karate üzrə dünya ikincisi, Avropa çempionatı üzrə III olan Aslan İsmayılov yarışda qazandığı uğurlardan bəhs edib, komandalara  uğurlar arzulayıb.

Müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar göstərildikdən sonra fakültələr arası basketbol yarışına start verilib.