Naxçıvan Dövlət Üniversitində orta məktəb müəllimləri üçün onlayn ixtisasartırma kursu təşkil olunub

Naxçıvan Dövlət Üniversitində orta məktəb müəllimləri üçün onlayn ixtisasartırma kursu təşkil olunub

Naxçıvan Dövlət Universitində Fizika, Kimya və Biologiya fənlərini tədris edən müəllimlər üçün təşkil edilən onlayn ixtisasartırma kursunun sonunda müəllimlər təltif olunub. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Prorektor təlimdə fəal  iştirak edən hər kəsə  öz təşəkkürünü bildirib.

Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent  Fərman Qocayev diqqətə çatdırıb ki, bu kursun keçirilməsi muxtar respublikada bu ixtisas üzrə müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.

Sonra “Bu kurslar cəmiyyətin mövqeyində mühüm yer tutan təhsil sisteminə müsbət təsirlər göstərir. Bu cür kursların keçirilməsi biz orta məktəb müəllimləri üçün böyük əhəmiyyət kəsb edir və işimizə olan marağımızı daha da artırır”. Bu fikirlər tədbirdə iştirak edən orta məktəb müəllimlərinin mövzu ilə bağlı çıxışlarında dinlənilib.

Sonda kursu başa vuran müəllimlər universitet tərəfindən sertifikatla təltif ediliblər.

Qeyd edək ki, 3 ixtisas üzrə keçirilən ixtisasartırma kursu 5 gün davam edib. Təlimə Biologiya və Fizika ixtisaslarından 30, Kimya fənnindən isə 25 müəllim qatılıb.  Məlumat üçün onu da bildirək ki, təşkil edilən kurs həmin ixtisasları əhatə edən kabinə və laboratoriyalarda hər gün 2 saat olmaqla təsdiq edilmiş qrafik və müəyyən olunmuş mövzular əsasında keçirilib. Eyni zamanda kursun koordinatoru Kimya kafedrasının müdiri Sevinc Kərimova olmaqla, təlimlərin keçirilməsi üçün ixtisaslara uyğun olaraq rəhbər-təlimçilər də seçilib.