
Naxçıvan Dövlət Univesitetində məzun rəssamların sərgisi təşkil edilib
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində məzun rəssamların sərgisi təşkil edilib. Rəngkarlıq və Təsviri incənət müəllimliyi ixtisası tələbələrinin buraxılış işlərinin üstünlük təşkil etdiyi sərgini giriş sözü ilə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açıb. Qeyd edilib ki, mövcud durumda belə fakültədə keçirilən ustad dərsləri, əlamətdar tarixi günlərlə bağlı onlayn konsertlər bir ənənə şəklini alıb. Prorektor məzun tələbələri təbrik edib və əsərlərinin məşhur rəssamlarla birgə sərgilənməsini arzulayıb.
Təsviri incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, ümumilikdə 45 rəsm əsərinin nümayiş olunduğu sərgidə məzun tələbələrin buraxılış işləri yer alıb. Vurğulanıb ki, sərgiyə Rəngkarlıq ixtisasının tələbələri Arzu Tarverdiyeva 15, Ceyran Talıbova 12 əsərlə qatılıb. Diqqətə çatdırılıb ki, universitetdə adlı təqaüd alan hər iki tələbə artıq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin gənc üzlüyünə qəbul ediliblər.
Xalq rəssamı Hüseynqulu Əliyev, müəllimi olduğu hər iki tələbəni təbrik edib və onların yaradıcılıq qabiliyyətlərini qiymətləndirib.
Fakültənin dekanı, əməkdar rəssam Cavid İsmayılov “Gənc rəssamlar” klubunun fəaliyyətindən danışıb və gələcək perspektivləri dəyərləndirib. Əməkdar rəssam məzun tələbələrin hər birinə uğurlar arzulayıb.
Sonra sərgiyə baxış olub.