Naxçıvan Dövlət Universiteti açıq qapı günü çərçivəsində şagirdləri qəbul edib

Naxçıvan Dövlət Universiteti açıq qapı günü çərçivəsində şagirdləri qəbul edib

Naxçıvan Dövlət Universitetində “Açıq qapı günü” çərçivəsində Naxçıvan şəhərin 17 ümumtəhsil məktəblərindən, Babək rayon məktəblərindən olmaqla, ümumilikdə 44 şagird ali təhsil ocağında olub. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov şagirdləri salamlayaraq onların gələcək peşə seçimində bu kimi layihələrin yüksək rol oynadığını bildirib.

İlk öncə universitetin Elmi kitabxanasında olan kitabxananın iş fəaliyyəti, kitabların elektronlaşdırılması yolları, elektron oxu zalı haqqında ətraflı məlumat verilib.

Orta məktəb şagirdləri sonra Konservatoriyada olub “Orkestr alətləri və drijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin səsləndirdiyi musiqiləri dinləyib, rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Tibb fakültəsində olan şagirdlərə fakültənin müasir tədris üsullarına malik laboratoriyaları, təcrübi dərslərin keçirilməsi üçün müasir texniki imkanlar barədə məlumat verilib.

“Xarici dillər” fakültəsində olan şagirdlər ölkəmizdə bir ilk olan  sinxron otağı, linqafon kabinələrin iş prinsipi ilə tanış olub, müxtəlif xarici dil mərkəzlərində olublar.

Şagirdlər “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində “Biologiya”, “Kimya” laboratoriyasında olub,  Pedaqoji fakültənin nəzdində “Kulinariya”, “Texnologiya” və digər kabinələrin iş prinsiplərini izləyiblər. “Atıcılıq mərkəzində” olan şagirdlər atıcılıq qaydaları və üsullarını öyrəniblər. Toxuculuq mərkəzindəki iş fəaliyyəti şagirdlər tərəfindən maraqla izlənilib.

“Memarlıq və Mühəndislik” fakültəsi ilə tanış olan şagirdlər “Robototexnika” kabinəsi ilə tanış olub, alternativ enerji mənbələri- külək və günəş panelləri haqda ətraflı məlumat alıblar.

Sonra “İqtisadiyyat və idarəetmə” fakültəsi ilə tanış olan şagirdlərə ali təhsil ocağının tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası haqda məlumat verilib. Sonda anket sorğuda iştirak edən şagirdlər universitetlə bağlı öz xoş təəsüratlarını bölüşüblər.