NDU-da “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı kitab təqdimatı keçirilib

NDU-da “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Universitetin rektoru Elbrus İsayev tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması istiqamətində kitabın elmi yükü ilə bərabər ictimai əhəmiyyətinin də mühüm olduğunu qeyd edib. Tədqiqat Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində erməni məkrinə ən layiqli dəyərli bir nümunə olaraq qiymətləndirilib. Rektor Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun gücü sayəsində əldə etdiyimiz qələbələri diqqətə çatdırıb. Vurğulanıb ki, işğal altında olan bir sıra ərazilərimiz düşmən tapdağından azad edilib. Qürur hissiylə qeyd etməliyik ki, həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Rusiya bolşevizminin Cənubi Qafqaz siyasəti və erməni ekspansiyası adlı çıxışında qeyd edib ki, kitabda Cənubi Qafqaz əraziləri üçün yad, köçürülüb gətirilmə etnos olan erməni toplumunun bura yerləşdirilməsi, erməni siyasi-klerikalliderlərin ekpansionist siyasəti, regionun yerli əhalisinə qarşı onların deportasiya və soyqırım əməllərindən bəhs olunur. Göstərilir ki, ermənilər məhz Rusiyanın Cənubi Qafqazda həyata  keçirdiyi imperiya siyasəti nəticəsində özgə xalqların torpaqlarını ələ keçirib burada öz qondarma dövlətlərini yarada biliblər. Giriş, 4 fəsil və Nəticədən ibarət kitabın I fəslində Qədim və Orta çağlarda Cənubi Qafqazda etnik erməni ekspansiyası, II fəsildə İmperiya dövrünün görünən və görünməyən erməni ekspansiyası, III fəsildə isə Rusiya bolşevizminin Cənubi Qafqaz siyasəti və erməni ekspansiyasından bəhs olunur. XX əsrin ortalarında və II yarısında Sovet rejiminin antiazərbaycan siyasətində erməni amilinin oynadığı rol kitabın IV fəslində tədqiqata cəlb olunub.  Vurğulanıb ki, “Əlavələr” adlı hissədə isə “Böyük Ermənistan” mifinin və uydurma “Erməni soyqırımı”nın ideoloqları, Cənubi Qafqazda kütləvi terror və deportasiyaların təşkilatçıları və icraçıların adları sadalanıb və onların gördüyü məkrli siyasətin detalları açıqlanıb.

Sovet rejiminin antizərbaycan siyasətində erməni amili adlı çıxışında “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Arzu Abdullayev vurğulayıb ki, Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilib müstəmləkəyə çevrildiyi XIX əsrdə baş verən hadisələri təhlil etdikdə və onun nəticələrini bugünün kontekstində qiymətləndirdikdə belə nəticəyə gəlmək olur ki, ruslar bu regionu ermənilər üçün işğal ediblər. Bildirilib ki, Sovet rəhbərliyi tərəfindən Cənubi Qafqazın erməniləşdirilməsi prosesləri təkcə ermənistanda və Azərbaycanda yox digər bölgələrdə də gedirdi.

Müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib. Son günlər ordumuzun qazandığı qələbələr münasibətilə hər kəsi təbrik edən müəllif gəncləri tarixi yaddaşımızı unutmamağa, ermənilərin xalqımızın başına gətirdikləri dəhşətli faciələrdən dərs almağa çağırıb.