Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparılıb

Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparılıb

I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Ərzurum Atatürk Universitetinin nümayəndə heyətinə artıq 23 ildir universitetdə fəaliyyət göstərən Tibb fakültəsi və mövcud ixtisaslar haqda məlumat verib. Bildirilib ki, yüksək dövlət qayğısı ilə əhatə olan universitet Azərbaycan ali təhsil məkanında Tibb fakültəsi olan yeganə universitetdir. Vurğulanıb ki, tələbələr təcrübi dərslərini fakültədə yaradılan laboratoriyaların hesabına keçməklə bərabər universitetin xəstəxanasının bazasından da istifadə edirlər. Rektor diqqətə çatdırıb ki, həmçinin gələcəyin həkimləri respublika xəstəxanalarından klinik baza kimi yararlanırlar. Elbrus İsayev universitet xəstəxanası haqqında danışarkən bildirib ki, xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkimlər və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanmasına öz töhfələrini verməklə yanaşı, insanların sağlamlığının qeydinə qalırlar.

Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının   baş həkimi, professor Fuat Gündoğdu universitetin rektoru adından iştirakçıları salamlayıb, muxtar respublikada ilk dəfə təşkil olunan forumun yüksək səviyyədə təşkilatçılığından öz məmnunluğunu bildirib. Professor xəstəxana haqqında məlumat verərkən qeyd edib ki, 1 yanvar 1978-ci ildə Ərzurumda Universitet Xəstəxanası fəaliyyətə başlayıb. Qars, Iğdır, Ağrı, Ardahan, Ərzincan, Bayburt, Artvin, Gümüşhane, Muş, Bingöl və Van kimi bölgə üzrə 12 əyalətdə 4,5 milyon insana sağlamlıq xidməti göstərir. Bundan əlavə, sağlamlıq mərkəzi Sağlamlıq Elmləri Fakültəsi və Sağlamlıq Peşə Məktəbinin tələbələri və Tibb Fakültəsinin İxtisas tələbələrinin  təlim və təcrübələrinə də ev sahibliyi edir.

Qarşılıqlı müzakirə şəklində aparılan tədbirdə birgə əməkdaşlıq məsələlərinə aydınlıq gətirilib.

Sonra universitet xəstəxanasında davam edən görüşdə Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının tanıtım videoçarxı nümayiş olunub. Qeyd edək ki, xəstəxanada 2648 kadr çalışır ki, onlardan 576 nəfəri akademik, 237 nəfəri müəllim və ekspert, 339 nəfəri isə assistentdir. Xəstəxanada qabaqcıl xidmət mərkəzləri, həmçinin daxili və cərrahi bölmələr var. Orqan Transplantasiyası, Sümük İliyi Transplantasiyası, Genetik Xəstəliklərin Diaqnozu, Ambulator Kimyaterapiya, Yanıq, Daşqırma, Alternativ Tibb və Sualtı və Hiperbarik Müalicə Mərkəzləri, həmçinin müasir tibbi avadanlıqlarla təchiz olunan 27 əməliyyat otağı fəaliyyət göstərir.

Daha sonra Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası həkimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib.

Sonda müzakirələr aparılıb, Naxçıvan Dövlət Universiteti müəllimlərinin təklifləri dəyərləndirilib.

Leave a Reply

Your email address will not be published.