Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində Memarlıq və Robototexnika üzrə sərgi keçirilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində Memarlıq və Robototexnika üzrə sərgi keçirilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində Memarlıq və robototexnika üzrə sərgi keçirilib. Sərgini giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev fakültədə keçirilən bu cür sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, texnologiya ilə bağlı sahə olan robototexnika elminə müasir dövrümüzdə xüsusi maraq vardır.  Dünyanın bir çox ölkələrində olduğu kimi bu elm sahəsinə ölkəmizdə də böyük dəstək olduğunu dilə gətirən rektor qeyd edib ki, bu sahənin inkişafı öz növbəsində, sənayenin avtomatlaşdırılmasının sürətli inkişafına təsir göstərir. Çünki, bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Rektor fakültədə yeni yaradılan Robototexnika kabinəsinin uğurlu fəaliyyətindən danışıb.  Bildirilib ki, tələbələrin  nəzəri biliklərinin praktiki olaraq həyata keçirilməsini nəzərdə tutan kabinə zəruri avadanlıqlarla təhciz olunub. Gələcək perspektivlərin də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, artıq fakültədə Qeyri səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Nanotexnologiya, Robototexnika, Mexatronika və Robototexnika kimi yeni seçmə fənlər tədris olunacaq.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov bildirib ki, tələbələr Robototexnika kabinəsində sxemotexnika və kodlaşdırma ilə də məşğul olurlar. Burada tələbələr özlərinin sərbəst işlərini, kurs işi və layihələrini yerinə yetirmək üçün oz bilik və bacarıqlarını nümayiş etdirirlər. Vurğulanıb ki, tələbələrin startap layihələrini də yerinə yetirmək üçün burada hər bir şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə  kurslar təşkil olunur. Sonda isə tələbələr qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif robotik sistemlər hazırlaya biləcəklər ki, bu da gələcəkdə elm və texnikanın müxtəlif sahələrinə öz töhvəsini verəcəkdir.

Sonra 15 eskiz, 20 memarlıq layihələri, 20 xalçaçılıq ornomentlərinə dair əl işlərinin təqdim olunduğu sərgiyə baxış olub. Bu günkü sərgi müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri əl işlərindən ibarət olub.

Müxtəlif binaların eskizləri, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtəbəli binaların layihəsi sərgidə nümayiş olunub. Fakültənin gələcəkdə qurulması nəzərdə tutulan binasının da eskiz layihəsi nümayiş olunub.

Qeyd edək ki, sərgidə həmçinin, muxtar respublikada tikintisi həyata keçirilən qəbul edilən layihələr də yer alıb.  Tələbələr sərgidə müxtəlif maketlər də təqdim ediblər.

Robototexnika sahəsinə dair 20-yə yaxın iş təqdim edilib. İnsan boyunu ölçmək üçün ağıllı ölçü cihazı, səs vasitəsilə idarə olunan ev, sensor vasitəsilə ürək döyüntüsünü ölçən cihaz, telefonla idarə olunan maşın, kart vasitəsilə idarə olunan şlaqbaum, sensorlu su kranı, sensorla idarə olunan təmizlik qutusu, şirə aparatı, ağıllı şkaf və. s əl işləri sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Sonda rektor  Memarlıq və Robotexnika üzrə sərgidə əsərləri təqdim olunan müəllim və tələbələri diplomla təltif edib. Məlumat üçün onu da bildirək ki, fakültənin bir qrup müəllimləri həmçinin, keçdikləri nümunəvi dərslərə görə də təşəkkürnamə ilə təltif ediliblər.