Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatlarının I regional konfransına ev sahibliyi edib

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatlarının I regional konfransına ev sahibliyi edib

Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qonaqlar Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

Qonaqlara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İttifaqın baş katibi Orduxan Qəhrəmanzadə, Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev və NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun iştirakı ilə qarşılıqlı görüş keçirilib. Tədbirdə tələbə təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələrdə  tələbələrin rolu və könüllülük proqramları müzakirə edilib.

Ali təhsil ocağının Magistratura mərkəzində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Universiteti, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Tibb Kolleci və Naxçıvan Texniki Kolleci Tələbə Gənclər Təşkilatlarının uğur və fəaliyyətini əks etdirən kubok, medal, diplom və sertifikatlardan ibarət sərgiyə baxış keçirilib.

Akt zalında keçirilən tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açıq elan edən Elbrus İsayev qeyd edib ki, ölkəmizin bütün sahələrində aparılan islahatlarda gənc nəslin rolu danılmazdır. Vurğulanıb ki, gənclərimizə olan dövlət qayğısının ən böyük təcəssümü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan olunması idi və bu gün ölkədə səmərəli fəaliyyət göstərən gənclər təşkilatlarının sayının artması, belə təşkilatlara ehtiyac gənclərin milli ruhda yetişdiyinin bariz göstəricisidir. Universitetin Tələbə Gənclər Təşkilatının əldə etdiyi nailiyyətlərdən söz açan rektor çoxtərkibli təşkilatın il ərzində həyata keçirdiyi tədbirlər, icra olunan layihələr, intellektual yarışlar, olimpiadalar, müsabiqələr və təlimlərin tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onlarda idarəçilik qabiliyyətinin formalaşdırılmasına, tələbə vaxtından peşə bacarıqlarına yiyələnmələrinə xidmət etdiyini diqqətə çatdırıb. Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan ölkə başçısı İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Gənclər Fondu gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığın artırılması, gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsinin maliyyələşdirilməsi istiqamətində paytaxtda və regionlarda silsilə proqramlar həyata keçirilir.

          Gənclərin hərtərəfli inkişafı və cəmiyyətdəki rolundan söz açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı Naxçıvanda  gənclər siyasətinin uğurlu şəkildə həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, idman, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətləri qiymətləndirilir.

          Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Tələbə Gənclər Təşkilatları arasında əlaqələrin daha da genişlənəcəyinə, fəaliyyət dairələrinin artacağına əminliyini bildiriblər.

          Sonra konfrans Naxçıvan Musiqi Kolleci tələbələrinin hazırladığı musiqi nömrələrindən ibarət bədii hissə ilə davam edib.

          Konfransın plenar iclası bitdikdən sonra bölmələr üzrə “Tələbə Gənclər Təşkilatlarının gənclər siyasətinin təşkili, həyata keçirilməsində rolu”,  “Hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasında Tələbə Gənclər Təşkilatlarının rolu və vəzifələri”, “Gənclər üçün elm, startap layihələri və innovativ inkişaf” adlı mövzularda çıxışlar dinlənilib.

Leave a Reply

Your email address will not be published.