Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Apiterapiya və Təbiət Konqresi uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Apiterapiya və Təbiət Konqresi uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetində Qara Dəniz Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və 3 gün davam edən I Beynəlxalq Apiterapiya və Təbiət Konqresinin bölmə iclaslarında çıxışlar olub.

A və B olmaqla iki zalda keçirilən bölmə iclaslarında NDU-nun professoru Daşqın Qəmbərov “Naxçıvan MR florasının Dağ-Kserofit və Bozqır ərazilərində gülçiçəklilər fəsiləsinin oduncaqlı növlərinin ekosistemlərdə qruplaşdırılması”, biologiya üzrə fəlsəfə doktoru Əzizə Hüseynova “Adi badam (A. communis L.) bitkisinin çiçək tozcuqlarında flavonoid miqdarının spektrofotometrik təhlili və Biomarkerlərin müəyyənləşdirilməsi, Türkiyəli professorlar Oktay Yıldız  “Pətək havası: Pətəklərin unikal havası”, “Aslı Elif Hanuğur Harmancı “Tərkibində arı zəhəri və digər arı məhsullarından ibarət krem ​​formunun hazırlanması”, Mualla Yalçınqaya “Propolisin antioksidant qabiliyyətinin riyazi modelləşdirilməsi”, Muzaffer Yılmaz “Plastik və çox məqsədli arı yeşikləri”, Ülkü Zeynep “Arı məhsulları” mövzusunda çıxışlar ediblər, eyni zamanda Ülkü Zeynep ”BEEO” firmasının arı məhsullarından hazırlanan dərmanlar haqda ətraflı məlumat verib. Gülsüm Merve Boyracının “Propolis ekstraktından əldə olunan şəkər”, Ferhat Demirin “Arı südünün keyfiyyətinə təsir edən amillər”, Nazlı Maydanın “Arı poleni və çiçək tozu” və digər çıxışlar ətrafında müzakirələr aparılıb.

Konqresin B bölməsində Mahir Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasının Larrin (qrabronidae: qrobraninae) tribasının arıları”, Nailə Qardaşbəyovanın “Nanotexnologiyanın tibbdə tətbiqi”, Əli Tahirovun “Arıçılıq keyfiyyətini artıran məhsullar”, Yasin Karanın “Arı yeşiyinin elektromaqnit şüalanmadan qorunması”, Gülten Bulutun “Arı məhsullarının yayılması layihəsi”, Tuğçe Çaprazlının “Klassik və qatqılı yemin bal arısı zəhərinin istehsal miqdarına və keyfiyyətinə təsiri” mövzusunda çıxışları dinlənilib.

Qeyd edək ki, bölmə iclaslarında NDU-nun professorları İsa Abdullayev, Daşqın Qəmbərov, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, Mahir Məhərrəmov, Surə Rəhimova, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva, Türkiyəli professorlar Sevgi Kolaylı, Ali Osman Beldüz, Aslı Elif Hanuğur, Aslı Özkırım, Nuriye Nuray Ulusu Harmancı, dosent Serdar Dizman moderatorluq ediblər.  

Konqresin II günündə Naxçıvan palasda Qala gecəsi təşkil edilib. Qala gecəsində NDU-nun rektoru Elbrus İsayev, Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı çıxış edib, hər kəsə xoş istirahət arzulayıblar. Rektorlar konqresin keçirilməsində əməyi olanlara təşəkkür edib, sertifikatla təltif ediblər. Sonra konqresin fəxri qonaqlarına xatirə plaketi, xatirə sertifikatı təqdim olunub. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində konqres çərçivəsində keçirilən görüşlər öz səmərəsini verəcək.

Tədbirdə NDU-nun İncəsənət fakültəsi, Qaradəniz Texniki Universitetinin Gözəl sənətlər bölümünün ifasında səsləndirilən musiqi nömrələri hər kəsə xoş anlar yaşadıb.

Konqres çərçivəsində Qaradəniz Texnoloji Transfer Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Oktay Yıldız və mərkəzin ekspertləri İslam Yıldız, Yalçın Aykut ali təhsil ocağında ikitərəfli görüş keçirib. Görüşdə NDU-nun İnformasiya-Kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli universitetdə qurulan Texnopark haqda ətraflı məlumat verib. Fəaliyyət istiqaməti artıq müəyyənləşdirilən Texnoparkda mövcud imkanlar, yaradılan şərait qiymətləndirilib.

Hüseyn Əsgərli Texnopark sahəsində qardaş ölkənin xüsusi dəstəyini qeyd edərək Türkiyə universitetləri ilə bu sahədə qurulan beynəlxalq əməkdaşlıq məsələlərindən danışıb.

Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov mühəndislik ixtisasları barədə məlumat verib. Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının gələcəkdə Texnoparkda fəaliyyətinə xüsusilə geniş imkanların yaradılacağı qeyd edilib.

Qaradəniz Texnoloji Transfer Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Oktay Yıldız çıxış edərək Texnoparkın layihəsi ilə tanış olub, bır sıra təklif və tövsiyyələrini irəli sürüb.

Professor gələcəkdə bu sahədə xüsusi dəstəyə hazır olduqlarını dilə gətirib.

Mühüm məqamlara aydınlıq gətirilən görüşdə gələcək perspektivlər müzakirə edilib.

Bağlanış mərasimində konqresə qatılanlar iştiraketmə vərəqəsi və hədiyyə çantası əldə ediblər.

Konqres başa çatdıqdan sonra qonaqların Batabat yaylağına gəzintisi təşkil olunub.

Leave a Reply

Your email address will not be published.