Naxçıvan Dövlət Universitetində növbəti bilik yarışması nəqliyyat təhlükəsizliyinə həsr olunub

Naxçıvan Dövlət Universitetində növbəti bilik yarışması nəqliyyat təhlükəsizliyinə həsr olunub

Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində keçirilən bilik yarışmasında fakültənin dekanı, professor Cavanşir Zeynalov çıxış edərək müasir dövrdə aktual bir mövzuya həsr olunan yarışmanı yüksək qiymətləndirib. Qeyd edilib ki, gənclərin yol hərəkəti qaydaları və nəqliyyat təhlükəsizliyinə dair bu cür maarifləndirici xarakter daşıyan yarışmalarda iştirak etməsi böyük əhəmiyyətə malikdir. 

Sonra yarışmaya start verilib. Tələbələrin maarifləndirilməsi məqsədilə keçirilən bilik yarışında yol hərəkəti qaydalarının əsas istiqamətləri, piyadaların və sərnişinlərin davranış qaydaları, yol hərəkəti nişanları, sürücünün əsas vəzifələrinə dair suallar səsləndirilib.

Nəqliyyat təhlükəsizliyinə həsr olunan bilik yarışmasında 8 komanda mübarizə aparıb. Hər komandada 4 nəfər olmaqla keçirilən yarış 3 turdan ibarət olub. Tələbələr I və II turda 20, III turda isə 10 sual cavablandırıblar.

          Yarışmanın qalibi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri olub. II yeri Kompüter mühəndisliyi, III yeri isə Elektrik və energetika mühəndisliyi ixtisasının tələbələri qazanıb.

Yarışda iştirak edən hər kəsə “İnformatika test toplusu” kitabı paylanıb və diplom verilib.

Leave a Reply

Your email address will not be published.