Naxçıvan Dövlət Universitetində “Uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb. Diqqətə çatdırılıb ki,  Ali Baş Komandanımız İlham Əliyevin yeritdiyi siyasət, xalqımızın verdiyi dəstək, ordumuzun gücü sayəsində artıq bir aydan çoxdur ki, şanlı tarixə imza atırıq. Bu da ordumuzun Cənubi Qafqazda ən güclü ordulardan biri olduğunun bariz nümunəsidir. Vurğulanıb ki, Azərbaycan öz torpağı üzərində mübarizə aparır və haqqı tələb edir.

Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova çıxışında vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.

Sonra tələbə və şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri səsləndirilib.  Bədii qiraət dinlənilib.

Qeyd edək ki, şagirdlərin də tələbələrlə birgə tədbirdə iştirak etməsi onların vətənpərvər ruhda böyüməsi üçün xüsusi əhəmiyyətə malikdir.