Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı ilə birgə “Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda elmi konfrans keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə ilk öncə ali təhsil ocağının İncəsənət fakültəsində nümayiş olunan sərgiyə baxış olub. Ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən əsərlər fakültənin müəllim və tələbələrinin əməyi sayəsində ərsəyə gəlib. Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevlə bağlı videçarx göstərilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Heydər Əliyev siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki,  Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu  bizə qələbə sevincini yaşatdı. Vurğulanıb ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”– deyən və Ulu öndər siyasətinə sadiqliyi özünə həyat amalı seçən Prezidentimiz Azərbaycan xalqını qəti əmin edir ki, bu siyasətə daim sadiq qalacaq və məqsədyönlü yolu davam etdirəcək. Rektor nəinki regionda, hətta dünya universitetləri ilə bir sırada addımlayan rəhbərlik etdiyi ali təhsil ocağını da Ulu Öndərin qurub yaratdığı təhsil strategiyasının bəhrəsi, muxtar respublika ali təhsilinə verilən töhvə kimi dəyərləndirib. Elbrus İsayev gəncləri ümummilli liderin ideyalarından dərs almağa və hər dövr  üçün örnək olan siyasəti dəstəkləməyə çağırıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətidir. Bu missiyanı yerinə yetirərkən xalqına arxalanan Ulu öndər lideri olduğu partiyanın sıralarında olmağı milli dövləçiliyə xidmət etməyin əsl nümunəsi sayırdı və  “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir” deyərək gələcək nəsli əsl Azərbaycan vətəndaşı kimi tərbiyə edirdi. Azərbaycan intibahının əsasını qoyan Heydər Əliyevin milli ideyaya dair əsas fikirlərinin iki mühüm sənəddə əks olunduğunu deyən Anar İbrahimov bildirib ki, onlardan ən mühümü Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti, digəri isə Yeni Azərbaycan Partiyasının Proqramıdır. Vurğulanıb ki, 2005-ci ilin mart ayında partiyanın III qurultayında YAP-a sədr seçilən Prezidentimiz İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir. Hazırda 760 mindən artıq həmfikiri özündə birləşdirən partiya xalq, dövlət qarşısındakı xidmətlərini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət ideyası” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli müstəqil Azərbaycanda hüquqi islahatların başlanması və böyük bir mərhələnin uğurla başa çatdırılmasının bilavasitə ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Qanunun aliliyinə, kompleks şəkildə, şəxsin və cəmiyyətin mənəvi problemi kimi baxan Ulu Öndərin “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” ideyası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirə onlayn qatılan Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtibar İsmayılov “Ümummilli lider Heydər Əliyevin Naxçıvan dövrü” (1990-1993-cü illər)  mövzusunda çıxışında diqqətə çatdırıb ki, “1990-1993-cü illər tarixə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşüb. Bu tarixi dövr Ulu Öndərimizin siyasi və dövlətçilik fəaliyyətində xüsusi yer tutur. Həmin dövrdə Naxçıvan işğal olunmaq təhlükəsindən azad edildi, üçrəngli bayrağımız ilk dəfə olaraq milli liderin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Etibar İsmayılov həmçinin qeyd edib ki, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də lider ətrafında birliyin mühüm forması olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu.

“Zamanın fövqündə dayanan lider” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev vurğulayıb ki, öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində özünəməxsus xidmətlər göstərən Heydər Əliyev xalqa, vətənə, insanlığa olan sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Diqqətə çatdırılıb ki, nə qədər ki, Azərbaycan var, ulu öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq və ölkəmizə miras qoyduğu siyasət daim ölkəmizi yüksəlişə aparacaq.

Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim oluduqdan sonra tədbir İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, muxtar respublikanın rayon partiya təşkilatları tədbirə onlayn platforma üzərindən qatılıblar.