Naxçıvan Dövlət Universitetində yeni laboratoriya, kitabxana və kabinələrin açılışı olub

Naxçıvan Dövlət Universitetində yeni laboratoriya, kitabxana və kabinələrin açılışı olub

Ali təhsil ocağının Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsində “Sitologiya, Histologiya, Embriologiya”, “Anatomiya” kabinələrinin, fakültə kitabxanasının və həmin fakültənin Baytarlıq təbabəti kafedrasında “Patalogiya” kabinəsi və “Mikrobiologiya və virusologiya” laboratoriyasının açılışı olub.

Universitetin  rektoru Elbrus İsayev müasir  maddi-texniki baza ilə təmin olunan kabinələrin faydalarından söz açıb. Qeyd edilib ki, müəllim və tələbə heyəti həm kimya, həm də biologiya ixtisasları üzrə bu kabinələrdə təcrübi işlər apararaq yeni nailiyyətlər əldə edə bilərlər. Vurğulanıb ki, savadlı kadraların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması üçün nəzəri biliklərin təcrübi biliklərlə vəhdəti xüsusi önəm kəsb edir. Məhz bu səbəbdən lazımi avadanlıqlar və dərs vəsaitləri ilə təmin olunan  kabinələr tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində, onlara praktiki vərdişlərin aşılanmasında əhəmiyyətli rol oynayacaq. Bildirilib ki, tələbələr bu gündən fəaliyyətə başlayan bu kabinələrdə sərbəst işlərin, diplom işlərinin, layihələrin hazırlanmasında səmərəli istifadə edə bilərlər.  Rektor kabinələrin peşəkar kadr hazırlığının aparılmasına mühüm töhvə verəcəyinə əminlik ifadə edib.

“Anatomiya” kabinəsi haqqında məlumat verən Biologiya kafedrasının müdiri elmlər doktoru, dosent Daşqın Qənbərov bildirib ki, kabinə insanın daxili orqanı, döş qəfəsi, insan rüşeymi, ürək qəfəsi, aşağı və yuxarı ətrafın əzələləri, onurğa sistemi və beyni əks etdirən mulyaj, aşağı və yuxarı ətraf, kəllə skeletləri və digər maketlərlə zənginləşdirilib.

“Sitologiya, Histologiya və Embriologiya” kabinəsində davam edən görüşdə  bitki və heyvan hüceyrəsini əks etdirən preparatlar haqqında məlumat verilib. Qeyd edilib ki, kabinələr ümumilikdə 46 mikroskop ilə təchiz olunub ki, bunlardan 43-ü işıq mikroskopu, 3-ü isə dijital mikroskopdur. Bu mikroskoplar vasitəsilə tələbələr  burada hazırlanan daimi və müvəqqəti preparatları tədqiq edə biləcəklər.

Fakültədə açılan yeni kitabxana ilə tanışlıq zamanı bildirilib ki, kitabxana müəllim və tələbələrin səmərəli istifadəsi üçün  dərslik və dərs vəsaitləri  ilə təmin olunub.

Daha sonra Baytarlıq kafedrasının müəllimi, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli “Mikrobiologiya və virusologiya” laboratoriyasında yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, laboratoriyada qram üsulu ilə boyama testi, endo aqarı, metilen mavisi, karbon funksini və.s kimi preparatların köməyi ilə mikrobları əkmək, becərmək və onları mikroskoplar vasitəsilə  identifikasiya etmək  mümkündür.

Sonda Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mirvasif Seyidov kafedrada fəaliyyətə başlayan  “Patalogiya” kabinəsi haqqında məlumat verib. Bildirilib ki, kabinədə heyvan daxili orqanları təcrübi dərslərdə istifadə üçün xüsusi şəkildə qablaşdırılıb. Mirvasif Seyidov həmin orqanlarda exlokokus tumurcuqları, ağciyərdə çiçək zamanı patoloji dəyişikliklər və.s kimi xəstəliklərin dərslərdə təcrübi şəkildə tədris olunacağını vurğulayıb.  

Leave a Reply

Your email address will not be published.