Naxçıvan Dövlət Universitetində “Zəfər günü” qeyd olunub

Naxçıvan Dövlət Universitetində “Zəfər günü” qeyd olunub

Ali təhsil müəssisəsində 8 noyabr “Zəfər Günün”nə həsr olunmuş tədbir keçirilib. Tədbirin birinci hissəsində Naxçıvan Dövlət Universiteti Musiqi kollecinin tələbələri tərəfindən “Zəfər Günün”nə məxsus hazırlanmış musiqili rəqsi izlənilib.

Daha sonra “Zəfər bayramı”na həsr olunmuş sərgiyə baxış keçirilib.  “Təsviri incəsənət müəllimliyi”, “Dizayn”, “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrin 44 günlük Vətən müharibəsini müxtəlif aspektlərdən işıqlandıran 44 sənət əsərinin nümayişi böyük maraqla qarşılanıb. Vətənpərvərlik, qalibiyyət, zəfər sevinci mövzusunda hazırlanmış əl işləri üçün portret və kompozisiya janrlarına müraciət olunub. Yağlı boya, qrafika və heykəltəraşlıq nümunələri içərisində sülhə, birliyə, həmrəyliyə çağırış motivləri əsas yer tutub. Nümayiş olunan əsərlər arasında işğaldan azad olunmuş Məhəmmədbəyli türbəsi, Xudafərin körpüsü kimi kompozisiyalar, İlqar Mirzəyev, Arəstə Baxışova, Yusif Mirzəyev, Xudayar Yusifzadə, Cəbrayıl Dövlətzadə, Tağı Abdullazadə, Turqut Xəlilbəyli və digər ölümsüzləşmiş şəhidlərimizin portretləri yer alıb.

Konservatoriyanın akt zalında keçirilən tədbirin ikinci hissəsi şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, ardınca, Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xalqımızın taleyi üçün əlamətdar olan bir günə şahidlik etməkdən qürur və iftixar hissi keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, təqvimdəki işğal tarixlərinin yerini zəfər günlərinin əvəz etməsi Azərbaycan xalqı üçün böyük tarixi uğurdur. 50 milyondan çox azərbaycanlı məhz bu qələbəyə görə sevinir. Ulu öndər tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik, əməkdaşlıq prinsipləri Azərbaycanı yalnız regionda deyil, beynəlxalq irimiqyaslı problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib. Belə çətin bir şəraitdə həm informasiya müharibəsində, həm də qızğın döyüşlərin getdiyi cəbhə xəttində müvəfəqiyyət qazanmaq, ölkəmizi uğurla irəli aparmaq, dövlətin siyasi qüdrətini, xalqın iradə gücünü dünyaya bəyan etmək, Ali Baş Komandan İlham Əliyev siyasətinin qələbəsidir.

Tədbirdə Milli qürur, qələbə və zəfər bayramı mövzusunda çıxış edən Azərbyacan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli zəfərə gedən şanlı yolda baş vermiş hadisələrə nəzər salıb. Bildirilib ki, 2014-cü il avqust döyüşləri, 2016-cı il aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və nəhayət, 2020-ci il 44 günlük Vətən müharibəsi zəfərə gedilən yolda ən mühüm hadisələrdəndir.  Bu qələbələr Azərbaycan xalqını torpaqlarını düşmən tapdağından azad edilməsinə ruhlandırıb. Xalq Ali Baş Komandanın ətrafında birləşərək Vətən savaşına qalxıb və bununla da 30 illik həsrətə son qoyulub.

Tədbirdə II Qarabağ müharibəsində şəhid olmuş, “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” medalları ilə təltif olunmuş baş-leytenant Vüqar Şıxıyevin övladı, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Şıxıyev Abutalıb çıxış edib. O 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan torpaqlarının ərazi bütövlüyünün bərpası uğrunda vuruşaraq şəhid olmuş Şıxıyev Vüqarın döyüş şücaətindən, dönməz mübarizəsi zamanı aldığı yaralardan və şəhidlik zirvəzinə yüksəlməsindən danışıb.

Tədbirin bədii hissəsində “Zəfər günü”nə həsr olunmuş Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramı nümayiş olunub. Üzeyir Hacıbəyovun “Koroğlu” operasında “Üvertura” ilə başlayan konsert proqramında Hacı Məmmədovun “Lirik mahnı”, Ceyhun Allahverdiyevin “Zəfər himni”, Süleyman Ələsgərovun “Şaloxo”, Fikrət Əmirovun “Odlar ölkəsi” və digər ifalar yer alıb. Konsertə bədii rəhbərliyi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov edib.

Leave a Reply

Your email address will not be published.