Naxçıvan Dövlət Universitetinin müəllimi Aygün Sultanovanın 60 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetinin müəllimi Aygün Sultanovanın 60 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universiteti “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Aygün Sultanovanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, çox sevindirici haldır ki, bugün yubileyinə toplaşdığımız Aygün Sultanova səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən, məsuliyyəti və intizamı ilə dərs dediyi tələbələrə örnək olan bir ziyalı xanımdır. Rektor həqiqi mənada şərəfli bir müəllim ömrü yaşayan Aygün Sultanovanı yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb. Yubiliyara Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanı və hədiyyə təqdim edilib.

“Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev yubilyar haqda danışaraq bildirib ki, Aygün müəllim artıq 38 ildir ki, ali təhsil ocağında çalışır. 1983-cü ildən laborant kimi fəaliyyətə başlayan Aygün Sultanova 1996-cı ildə müəllim, 2002-ci ildə baş müəllim, 2007-ci ildə isə dosent elmi dərəcəsini alıb. Vurğulanıb ki, mətbuat və televiziyada müntəzəm çıxış edən Aygün müəllim, həmçinin 34 elmi məqalə və 1 dərsliyin müəllifidir.

Fizika-riyaziyyat fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov müəllimi Aygün Sultanova haqda xatirələrini bölüşüb.

“İnformatika” kafedrasının müdiri, baş müəllim Könül Məmmədova müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, hüdudsuz elm yolunda tükənməz enerji arzulayıb.

Fakültənin müəllimləri Aygün Sultanova haqda xoş sözlər səsləndirib, arzularını ifadə ediblər.

Sonda yubiliyar keçirilən bu tədbiri yüksək qiymətləndirərək ona verilən ali dəyər üçün öz minnətdarlığını ifadə edib.