Naxçıvan Dövlət Universitetinin tələbəsi qazimiz Eldar Xəlilovla görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin tələbəsi qazimiz Eldar Xəlilovla görüş keçirilib

Naxçıvan Dövlət Universitetində əlavə ali təhsil üzrə “Hüquq ixtisası”nın III kurs tələbəsi, II Qarabağ müharibəsinin iştirakçısı olmuş qazi Eldar Xəlilovla görüş keçirilib. İlk öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Vətən müharibəsindəki qalibiyyətimiz Ali Baş Komandanımızın qətiyyəti və yüksək siyasi səriştəsi, Azərbaycan Ordusunun, Şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimiz tezliklə şəfa diləyən rektor bu şanlı qələbə münasibətilə hər kəsi təbrik edib. Diqqətə çatdırılıb ki, vətən müharibəsi iştirakçısı olmuş hər bir qəhrəmanımızın döyüş yolu gənc nəslə nümunə olmalı və onların qəhrəmanlıqları hər bir gəncin həyat amalına çevrilməlidir. Sonra Qarabağ qazisi Eldar Xəlilova vətən müharibəsində fəal iştirakına görə Naxçıvan Dövlət Universiteti adından fəxri fərman təqdim edilib.

Naxçıvan Dövlət Universiteti “Hüquq” fənləri kafedrasının müəllimi Əziz Qasımov universitetin Vətən müharibəsində iştirak edən və qəhrəmancasına həlak olan şəhidlərinin və müharibədə iştirak edib vətənə dönən qazilərin adlarını çəkib. Bildirilib ki, qələbənin qazanılmasında misilsiz rəşadət göstərən hər bir əsgərimizə borcluyuq.

Qazi öz çıxışında qeyd edib ki, şəhidlərin qanı bahasına qazandığımız qələbəmizdən hələ illər sonra da danışılacaq və gələcək nəslə örnək göstəriləcək. “Mən fəxr edirəm ki, qalib ordunun əsgəriyəm” –deyən qazimiz vurğulayıb ki, əmisi də I Qarabağ müharibəsinin iştirakçısı olub və qazidir.

Sonda tələbələrin fikirləri səsləndirilib, qaziyə ünvanladıqları suallar cavablandırılıb.