Naxçıvan Musiqi Kollecində 2 hissəli “Rus musiqi Ədəbiyyatı” adlı kitabların təqdimatı keçirilib
Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva, Kollecin Xalq Çalğı alətləri şöbəsinin qanun müəllimi, musiqi tənqidçisi, Prezident mükafatçısı Sevinc Babayevanın həmmüəllifi olduğu 2 hissəli “Rus musiqi ədəbiyyatı”adlı kitabların və Bakı Musiqi Akademiyası tərəfindən Naxçıvan Musiqi Kollecinə hədiyyə olunan kitabların təqdimat mərasimi keçirilib.
Təqdimatı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ixtisaslı musiqiçi kadrların hazırlanmasında kollecin özünəməxsus rolu və xüsusiyyətləri var. Eyni zamanda istedadlı gənclərin aşkara çıxarılaraq ali təhsilə cəlb olunması, xalqımıza məxsus musiqi ənənələrinin yaradılmasında, mahnılarımızın, eləcə də klassik musiqinin təbliği və öyrənilməsi sahəsində kollecin fəaliyyəti təqdirəlayiqdir. Vurğulanıb ki, kollecin kitabxanası da bu sahədə öz üzərinə düşən məsuliyyəti dərk edir və layiqincə yerinə yetirir. Rektor təqdimatı keçirilən kitabların faydalı və lazımlı olduğunu qeyd edərək, elektron variantlarının yaradılması haqqında göstəriş verib və kitabların çap olunmasına, ərsəyə gəlməsinə görə müəllifləri təbrik edib.
Kollecin kitabxana müdiri İlhamə Kazımova çıxışı zamanı bildirib ki, hal-hazırda kitabxananın fondunda 7672 sayda çap məhsulu var ki, bunlardan 2965-i bədii ədəbiyyat nümunəsidir. Qeyd edilib ki, kollecin kitabxanası ixtisaslaşmış kitabxana olduğu üçün burada bədii ədəbiyyatla yanaşı musiqi ədəbiyyatı və not əsərləri çoxluq təşkil edir.
Kollecin Tdris və tərbiyə işləri üzrə direktor müavini Elman Əliyev qeyd edib ki, təqdimatı keçirilən və oxucu üçün yorucu olmayan bu kitablarda not nümunələri də tam mənası ilə anlaşıqlı şəkildə qeyd edilib. Vurğulanıb ki, hər iki müəllifin zəhməti nəticəsində ərsəyə gələn kitablar diqqətəlayiqdir və Azərbaycan dilində musiqi mədəniyyəti haqqında ədəbiyyat külliyatına əvəzolunmaz töhvədir.
Çıxış edənlər müəllifləri təbrik edərək, bildiriblər ki, kitabda diqqət çəkən məqamlardan biri də ayrı-ayrı musiqi cərəyanları, onların formalaşması və bu prosesə təsir göstərən amillərin işıqlandırılmasıdır.
Sonda müəlliflər təbriklərə və xoş sözlərə görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edilib ki, hər iki kitab orta və ali ixtisas təhsil pilləsi üçün nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, dərs vəsaiti 2 hissədən ibarətdir. I hissə 2 fəsilə bölünür. I fəsil XVIII əsr rus operasının yaradıcıları, II fəsil isə XIX əsrin II yarısında Rus musiqisinin inkişafı tarixində müstəsna rol oynamış görkəmli bəstəkarların həyat və yaradıcılığından bəhs edir. Kitabın II hissəsi I hissənin davamı olaraq xronoloji ardıcıllıqla yazılıb.