Naxçıvan Muxtar Respublika Basketbol Federasiyasının komandası İğdır Universiteti ilə yoldaşlıq görüşündən qalib ayrılıb
Naxçıvan Muxtar Respublika Basketbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti ilə İğdır Universitetinin tələbələrdən ibarət basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. İğdır Universitetində keçirilən görüşdə universitetin tanıtım videosu nümayiş olunub.
İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma ali təhsil ocağı haqqında məlumat verərkən Naxçıvan Dövlət Universiteti ilə olan əlaqələrdən bəhs edib. Qeyd edilib ki, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də edilən əməkdaşlıq hər iki universitetin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Mehmet Hakkı Alma İğdır Universiteti adından Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Fizika-riyaziyyat elmləri namizədi, dosent Elşən Məmmədova hədiyyə təqdim edib.
Müəllim və tələbələrə universitetin tanıtım kitabları təqdim edildikdən sonra heyət oyunun keçiriləcəyi Şəhid Mehmet Bora Tayfur adına qapalı idman zalına yola düşüb. Burada Naxçıvan Dövlət Universitetinin müəllimləri ilə İğdır Universiteti tələbləri arasında səmimi oynanan tenis maraqla qarşılanıb.
Sonra oyuna start verilib. 2 saata yaxın davam edən oyun azarkeşlərin yüksək dəstəyi ilə izlənilib. Hər iki komandanın aldığı xal sayını yüksək sevinclə qarşılayan izləyicilər yoldaşlıq görüşünü sözün əsl mənasında nümayiş etdiriblər. Yüksək peşəkarlıq və hakimlərin düzgün nəzarəti ilə baş tutan oyun Naxçıvan Dövlət Universitetinin 46-42 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda Mehmet Hakkı Alma hər iki komandanı göstərdikləri yüksək şücaətə və oyun bacarığına görə təbrik edib. Qeyd edilib ki, “Bir millət, iki dövlət” şüarını meydanda nümayiş edən gənclərin anlayışları, davranışları təqdirəlayiq haldır. Rektor bundan sonra da bu cür görüşlərin keçiriləcəyini diqqətə çatdıraraq qalib komandaya kubok təqdim edib.