Naxçıvan Muxtar Respublikası ali təhsil müəssisələrinin I Regional hüquq olimpiadası keçirilib

Naxçıvan Muxtar Respublikası ali təhsil müəssisələrinin I Regional hüquq olimpiadası keçirilib

Naxçıvan Dövlət Universitetində “Hüquq həftəsi” layihəsinin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev muxtar respublikada ilk dəfə olaraq keçirilən layihənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, universitet muxtar respublikada “Hüquqşünaslıq” ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi işini uğurla həyata keçirir. Belə ki, əsaslı şəkildə yenidən təmir edilən Beynəlxalq münasibətlər və Hüquq fakültəsində “Diplomatiya mərkəzi” və “Məhkəmə Ekspertizası və Kriminalistika” laboratoriyası yaradılaraq ən müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada olan şərait imkan verir ki, hüquq fənlərinin tədrisi ilə yanaşı təcrübə dərsləri də ən yüksək səviyyədə keçirilsin. Bu ixtisas üzrə universitetin məzunları bu gün muxtar respublikanın nüfuzlu dövlət orqanlarında öz fəaliyyətləri ilə seçilirlər. Rektor bildirib ki, bütün bu işlərlə yanaşı müvafiq sərəncama uyğun olaraq hüquq fənləri ixtisasının hamiliyə verilməsi də diqqətdə saxlanılır.

Universitetin Beynəlxalq münasibətlər və hüquq fənləri fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov peşəkar hüquqşünasların hazırlanmasında fakültənin rolu mövzusunda çıxış edib.

Tədbirdə çıxış edən “Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov I Regional hüquq olimpiadasının əhəmiyyəti, məqsədi və vəzifələri mövzusunda çıxış edərək bildirib ki, tələbələrin hüquq sahəsində biliklərinin yoxlanılması yolu ilə onlar arasında hüquqi maarifləndirmənin genişləndirilməsi və hüquqi dünyagörüşünün nümayiş etdirilməsi ilə məntiqi mühakimə qabiliyyətinin üzə çıxarılması, tələbələr arasında hüquqi savadlılığın artırılmasıda olimpiadanın çox böyük rolu vardır.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin qeyri-hüquq ixtisası üzrə tələbələrin iştirakı ilə keçirilən olimpiadada tələbələr Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dair biliklərini nümayiş etdiriblər. Olimpiadada iştirak etmək istəyən tələbələr əvvəlcədən müəyyən olunmuş qaydada elektron formada qeydiyyatdan keçib. İki mərhələdə keçirilən olimpiadada  birinci mərhələdə 1 saat müddətində 50 test tapşırıqları verilib. Ikinci mərhələdə iştirakçılara Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından düşündürücü, məntiqi yazılı suallar verilib. Finala vəsiqə qazanan iştirakçılar “Məhkəmə ekspertizası və Kriminalistika laboratoriyası”nda təcürbə dərslərində iştirak ediblər. Naxçıvan Dövlət Universiteti “Tarix müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Cabbar Məmmədov olimpiadanın qalibi olub. Universitetin “İngilis dili və tərcümə” ixtisası üzrə II kurs tələbəsi Ramil Abdullayev II, Naxçıvan Universiteti “Dinşünaslıq” ixtisası üzrə IV kurs tələbəsi isə III yerin sahibi olub.

Məlumat üçün onu da bildirək ki, Hüquq həftəsi çərçivəsində keçirilən olimpiadanın əsas vəzifəsi istedadlı tələbələrin üzə çıxarılması, Hüquq ədəbiyyatlarının gənclər arasında təbliği o cümlədən olimpiada hərəkatına təkan verməkdir.