Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2021-ci ilin yekunu və 2022-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib. Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı diqqətə çatdıran Elbrus İsayev federasiyanın ötən il ərzində görülən işlər haqda məlumat verib. Vurğulanıb ki, 27 aprel 2021-ci il tarixdə açıq havada universitet tələbələrinin “XV Universiadası”nın proqramına daxil olan basketbol yarışları keçirilib. Yarışlarda 33-ü əcnəbi olmaqla 110 tələbə iştirak edib. Naxçıvan şəhərində fəaliyyət göstərən 11 tam orta məktəbin komandaları arasında, “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət oğlan komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin muxtar respublika birinciliyi, ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan şəhərini və muxtar respublikanın rayonlarını təmsil edən 8 komandanın iştirak etdiyi yarışlarda 80 idmançı iştirak edib.

Elbrus İsayev qeyd edib ki, basketbol idman növü üzrə məşqlər keçirilməklə bərabər 19 aprel 2021-ci il tarixdə muxtar respublikada basketbol yarışlarını idarə etmək üçün ictimai hakimlər və məşqçilər hazırlamaq məqsədilə 15 nəfərin iştirakı ilə iki həftəlik seminar təşkil edilib. Respublika dərəcəli hakim Füzuli Salmanovun rəhbərliyi ilə aparılan seminarda hazırlanan hakimlər sonrakı dövrlərdə təşkil olunmuş yarışları idarə edib. Bildirilib ki, müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqini təmin etmək məqsədilə ötən il Federasiyanın internet saytının təqdimatı olub.

Vurğulanıb ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində və uşaq idman məktəblərində 42 basketbol klubu fəaliyyət göstərir ki, bu klublarda 536 şagird bu idman növü ilə məşğul olur. Naxçıvan Dövlət Universitetində isə 47 nəfər olmaqla 3 basketbol qrupu fəaliyyət göstərir.

Federasiyanın sədri həmçinin qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin “Məşqçilik” ixtisasında basketbol seçmə ixtisas fənni kimi tədris olunur. Bu fənnin tədrisinin keyfiyyətini yüksəltmək məqsədi ilə basketbola aid dərs vəsaiti və proqramlar hazırlanıb. Vurğulanıb ki, 2002-ci ildə yaradılan Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalıdır. Elbrus İsayev bildirib ki, gələcəkdə də Basketbol federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı çıxış edərək qeyd edib ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib, gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоyub. Bildirilib ki, 2021-ci il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib. Ötən il muxtar respublika idmançıları üçün yaddaqalan və əlamətdar olub. Belə ki, ölkə və dünya səviyyəli yarışlarda qazanılan 27 qızıl, 32 gümüş və 23 bürünc medal əyarına görə Naxçıvan idmanı tarixində ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir. Vurğulanıb ki, Basketbol Federasiyası öz işini 2021-ci ildə verilmiş tapşırıqlara əsasən qurub. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir ki, həmin bölmələrdə ümumilikdə 12 qrup üzrə 148 yeniyetmə və gənc idmanla məşğul olur. Ramil Hacı diqqətə çatdırıb ki, nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, bu sahənin inkişafı yolunda yeni uğurlar əldə olunacaq.

Yığıncağa yekun vuran Federasiyanın sədri Elbrus İsayev hakimlik təcrübələrinin artırılması, hakimlərin Azərbaycan Basketbol Federasiyası tərəfindən keçirilən seminar və kurslara göndərilməsi, basketbol üzrə yüksək səviyyəli məşqçilərin muxtar respublikaya dəvət edilməsi, onların yerli məşqçilərlə təlimlər, treninqlər, keçirilməsinin təmin edilməsi, basketbola aid tədris vəsaitlərinin hazırlanmasına diqqətin artırılması ilə bağlı konkret tapşırıqları diqqətə çatdırıb.

Sonda muxtar respublika məktəblərinin basketbol üzrə məşqçiləri fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.