Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2020-ci ilin yekunu və 2021-ci ildə görüləcək işlərə dair  hesabat yığıncağı keçirilib. Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Vurğulanıb ki, 2002-ci ildə yaradılan Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasının daim diqqətdə saxlamalıdır. Federasiyanın sədri Elbrus İsayev bildirib ki, gələcəkdə də Basketbol federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Cari il üçün federasiyanın “Tədbirlər Planı”nı iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, ötən 6 ay ərzində basketbol idman  növünün təbliği və bu sahədə peşəkar kadrların hazırlanması məqsədilə universitetin basketbol fənni üzrə fənn proqramı hazırlanaraq “Məşqçilik” ixtisasında seçmə fənnin tədrisinə başlanılıb.

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov qeyd edib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb.  Bunun üçün universitetdə yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla ümumilikdə 12 komanda fəaliyyət göstərir. Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarında 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.

Naxçıvan Muxtar Respublikası Əməkdar Bədən tərbiyəsi və idman xadimi, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyev Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2021-ci il 22 yanvar tarixdə keçirilən iclasda qəbul edilən qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev mülahizə və  təkliflərini səsləndirib.