Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzində olublar
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə layihəsi əsasında 14 nömrəli tam orta məktəbin şagirdləri əvvəlcə “Pedaqoji” fakültənin nəzdində fəaliyyət göstərən kabinə və emalatxanalarla tanış olublar. Toxuculuq və Tikiş texnologiyası, Kulinariya kabinəsi, Metal və ağac emalı üzrə emalatxanada olan şagirdlər toxuculuq, tikiş texnikası, xalçaların toxunma qaydası, süfrə mədəniyyəti, qida məmulatlarının hazırlanma texnologiyalarını öyrəniblər. Məlumat verilib ki, mərkəzdə tələbələr tərəfindən hazırlanan müxtəlif əl işləri, milli geyimlər, xalça nümunələri mərkəzə gələn qonaqlar tərəfində rəğbətlə qarşılanır.
Diqqətə çatdırılıb ki, “Texnologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələr burada dərslərdə öyrəndiklərini praktikada tətbiq edərək biliklərini möhkəmləndirirlər.
Sonra şagirdlərə kabinələrdə ustad dərsi keçirilib. Dərs zamanı şagirdlər məktəbdə keçirilən “Texnologiya” fənnində öyrəndikləri nəzəri bilikləri mərkəzdə praktiki olaraq tətbiq ediblər. Onlar qədim xalq sənəti olan xalçaçılığın sirlərini öyrənərək onun incəlikləri mənimsəyib sərbəst şəkildə ilmə atma bacarığına yiyələniblər. Eyni zamanda şagirdlər qurama, istifadə müddəti bitmiş geyimlərdən xalçaların toxunmasının əyani şahidi olublar. Mərkəzin qonaqlarına həmçinin bədii tikmə, toxuma, gündəlik məişətdə istifadə edilən əşyaların hazırlanması qaydaları izah edilib. “Kulinariya” kabinəsində isə şagirdlər yeməklərin hazırlanma prosesində yaxından iştirak ediblər.