
Naxçıvan Tibb Kollecində müşavirə keçirilib
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Tibb Kollecində keçirilən müşavirədə, vurğulayıb ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. “Naxçıvan Tibb Kollecinin də Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi bu prinsiplərin mühüm göstəricilərindən biridir” deyə rektor çıxışında bildirib.
Müşavirədə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin əsas məsələlərini və yeniliklərini iştirakçıların diqqətinə çatdıran Elbrus İsayev qeyd edib ki, ali təhsil müəssisəsinin Tibb fakültəsində təhsilin keyfiyyətinin artırılması və müasir tibb praktikalarının tətbiqi üçün planlanan yeniliklər tibb təhsilinin daha effektiv və müasir əsalarla inkişafına böyük töhfə verəcək. Tibb fakültəsində tədqiqatların və tibbi inkişafların üstünlüklərindən danışan rektor fakültənin tədqiqat fəaliyyətlərinin bölgədə və dünya səviyyəsində tanınmasına nail olmağın hədəfləndiyini vurğulayıb. Son bir neçə ildə bu sahədə görülən işlərdən söz açan Elbrus İsayev Türkiyə universitetləri ilə yaradılan əməkdaşlıqlar, təcrübə proqramları haqqında da iştirakçılara məlumat verib.
Nəzərinizə çatdıraq ki, müşavirənin gündəliyini universitetin Tibb fakültəsi ilə Tibb kollecinin birgə layihələrə imza atması, tibb təhsili alan tələbələrə daha geniş tədris və təlim imkanları yaradılması, tibbi kadrların hazırlanması və inkişafı üçün yeni layihələrin və proqramların tərtib olunması, xaricdən tanınmış professorların universitetdə tədrisə cəlb edilməsi kimi mühüm məsələlər təşkil edib.
Sonda müşavirədə kollec müəllimlərini maraqlandıran suallar cavablandırılıb.