Naxçıvanın Dövlət Universietinin təşkilatçılığı ilə Türkiyənin Qars şəhərində Qars müqaviləsinin 100 illik yubileyi qeyd edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixində Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqda Sərəncamınına əsasən Naxçıvan Dövlət Universitetin təşkilatçılığı ilə Türkiyənin Qars şəhərində “Qars müqaviləsinin tarixi əhəmiyyəti” adlı beynəlxalq konfrans keçirilib. İki gün davam edən konfransın ilk günündə Azərbaycanın Qarsdakı baş konsulluğu, Qars valiliyi, bələdiyyə başqanlığı, Qars Qafqaz və Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin birgə Ümummilli lider Heydər Əliyevin büstünə, ardınca isə Kazım Karabekir Paşanın heykəlinə ziyarəti təşkil edilib. “Aynalı köşk” də “Qars müqaviləsi -100” sərgisinə baxış olub. Elmi əsərlər toplusu, 15 qəzet materialı, 10 müəllif nəşri olmaqla 30 kitab və ümumilikdə 46 eksponatın yer aldığı sərgidə müqavilənin tarixi, əhəmiyyəti, tərəflərin mövqeləri və maraqları haqda məlumatlar, tezislər, məqalələr yer alıb. Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə hazırlanmış və Qars müqaviləsinə geniş yer verilən “Naxçıvan tarixi” çoxcildliyinin, 2011-ci il 12 oktyabrda Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və beynəlxalq Qars müqaviləsinin 90-cı öldönümünə həsr olunmuş “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” adlı konfrans materialları nümayiş olunub. Sərgidə Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsi, Ali Məclis Sədrinin Sərəncamı ilə nəşr edilən poçt markası, müqavilənin tarixi əhəmiyyətini özündə əks etdiotən fotoşəkillər, bu müqavilədə xüsusi rol oynayan şəxslərin fotoları sərgilənib.
Təşkil edilən konfransda ilk növbədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib. Konfransda Naxçıvan Dövlət Universitetinin tanıtım videosu, II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
“Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın ərazi bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” -Ümummilli liderin bu sözlərini Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın giriş nitqində səsləndirib. Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsinin hər iki qardaş ölkə üçün tarixi dəyərə malik olduğunu qeyd edən rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2021-ci il 8 fevral tarixində Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqda Sərəncamını tədbir iştiraçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, Qars şəhərində Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin birgə beynəlxalq konfrans keçirməsi müqavilənin hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu sübut edir. Rektor həmçinin vurğulayıb ki, təsdiq edilmiş Tədbirlər Planınına əsasən muxtar respublikada bu istiqamətdə işlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsi hazırlanıb, “Qars müqaviləsi – 100” mövzusunda interaktiv dərs keçirilib, “Naxçıvan” jurnalının bir nömrəsi Qars müqaviləsinin 100 illiyinə həsr edilib, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaları davam etdirilib, zərf və poçt markaları buraxılıb, elmi əsərlərdən ibarət sərgi təşkil edilib.
Elbrus İsayev dil, din, ortaq dəyərlərə malik qardaş birliyindən doğan birgə konfransı 100 illik yubileyə sanballı töhvə olaraq dəyərləndirib. Rektor qeyd edib ki, 1921-ci il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan, və Gürcüstan SSRİ-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində bağlanan müqavilə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipal mövqeyi, Türkiyə tərəfinin ədalətli yanaşmasının nəticəsində əldə olunub. Bildirilib ki, 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Rektor “Bir millət, iki dövlət” məşhur kəlamını söyləyən Heydər Əliyevin irəli sürdüyü qardaşlıq əlaqələrinin bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev II Qarabağ müharibəsində qazandığımız zəfərin bir illiyi ərəfəsində qeyd edilən 100 illik yubileyin xalqımız üçün tarixi əhəmiyyətə malik olduğu vurğulanıb. Konsul Ali Baş Komandan İlham Əliyev və xalqımızım igid oğullarının sayəsində qazanılan qələbəni türk xalqının şanlı qələbəsi hesab edib. İki qardaş ölkə liderlərinin 2021-ci il 15 iyun tarixində imzaladığı Şuşa Bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edəcəyinə, bu tarixi sənədin ölkəmizin regional və beynəlxalq rolunun və çəkisinin daha da artırılmasında mühüm əhəmiyyət daşıyacağına əminlik ifadə olunub.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu Qars müqaviləsinin 100 illik yubileyi və dost ölkənin qazandığı zəfərin bir illiyi münasibətilə təbrik edərək hər iki qardaş ölkə universitetləri arasında beynəlxalq əlaqələrin mövcudluğundan danışaraq birgə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qars valisi Türker Öksüz qonaqları salamlayıb və türk xalqının zamanın ağır sınaqlarından üzüağ çıxmaları barədə tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vali bir əsr bundan öncə olduğu kimi bu gün də Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafının ümumilikdə regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhvələr verəcəyini vurğulayıb. Qars valisi Türker Öksüz Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini xüsusi olaraq qeyd edib.
Qarsdakı baş konsul Nuru Quliyev, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Qars valisi Türker Öksüzə Naxçıvan Dövlət Universiteti adından xatirə plaket təqdim edilib.
Konfrans iki bölmədə davam edib. Hər bölmədə 6 alimin çıxış etdiyi bölmə iclaslarında bu müqavilənin tarixi dəyəri, müasir mediada yeri və Naxçıvanın muxtariyyət statusunda mühüm əhəmiyyət daşıdığı diqqətə çəkilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin dosenti Emin Şıxəliyev “Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ kimi Naxçıvanın muxtariyyət statusu və bölgənin müasir beynəlxalq siyasətdə yeri”, Tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Qars müqaviləsinə beynəlxalq və regional rakursdan baxış”, Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Qars müqaviləsi: Naxçıvanın qurtuluşu uğrunda hərbi-siyasi mübarizınin nəticəsi kimi”, Tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev “Qars müqaviləsi: tarixdən-günümüzə”, “Hüquq” fənləri kafedrasının müəllimi Cəbrayıl Həsənzadənin “Qars müqaviləsindən Şuşa bəyannaməsinə hüquqi və politoloji proseslər və onların region üçün perspektivləri” mövzularında çıxışlar ediblər.
Bölmə iclaslarında Türkiyə Cümhuriyyəti Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru İbrahim Ethem Atnur, Ərzincan Atatürk Universitetinin professoru, iqtisad elmləri doktoru Kerem Karabulut, Qars Qafqaz Universitetinin professoru, tarix üzrə elmlər doktoru Səlçuk Ural, həmin universitetin professoru Hacalı Nəcəfoğlu çıxışlar ediblər.
Bölmə iclaslarının sonunda konfransda çıxış edənlərin hər birinə iştiraketmə vəsiqəsi təqdim edilib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri