NDU-da Siqnal analizi texnologiyalarının inkişafı və tətbiqlərinə dair onlayn seminar keçirilib

NDU-da Siqnal analizi texnologiyalarının inkişafı və tətbiqlərinə dair onlayn seminar keçirilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev onlayn elmi-nəzəri seminar keçib.  “Siqnal analizi texnologiyalarının inkişafı və bəzi tətbiqləri” mövzusunda olan seminarda Memarlıq və mühəndislik fakültəsi və  Fizika- riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə  müəllim və tələbələri olmaqla ümumilikdə 120 nəfər  iştirak edib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, artıq bu cür seminar və məşğələlərin keçirilməsi  universitetdə bir ənənə halını alıb. Vurğulanıb ki, tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanması onun  əhəmiyyətini artırır.

Fakültənin dekanı, professor Cavanşir Zeynalov bildirib ki,  informasiyanın daşıyıcısı olan siqnallar informasiyanın və göstəricilərin əldə edilməsi məqsədilə aparılır. Siqnalların rəqəmli emalı XVII – XVIII yüzilliklərin riyaziyatına əsaslanır və hal-hazırda elm və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Diqqətə çatdırılıb ki, Amerika alimi həmyerlimiz Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və neyron şəbəkələrinin inkişafı baxılan sahəyə yeni təkan verib.

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev  qeyd edib ki, hal-hazırda siqnalların rəqəmli emalı radiotexnikada, telekommunikasiyada, idarəetmə sistemlərində, audiotexnikada, televiziya yayımlarında geniş istifadə olunur. Siqnalların təsnifatı -analoq və diskret siqnallar  haqda məlumat verilib. Siqnallar nəzəriyyəsi, siqnallların enerjisi və gücü, siqnalların modulyasiyası, demodulyasiyası metodları,  dövri siqnallara tətbiq olunan furye sırası  ətraflı şərh edilib.

Sonda müəllim və tələbələrin suallarına aydınlıq gətirilib.