NDU Elmi Kitabxanasında “Günümüzdə kibertəhlükəsizlik və yeni trendlər” adlı təlim keçirilib

NDU Elmi Kitabxanasında “Günümüzdə kibertəhlükəsizlik və yeni trendlər” adlı təlim keçirilib

NDU Elmi Kitabxanasında İnformasiya Texnologiyaları şöbəsinin müdiri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvü Hüseyn Əsgərlinin təşkilatçılığı ilə “Günümüzdə kibertəhlükəsizlik və yeni trendlər” adlı təlim keçirilib.

 Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova təlimçi Hüseyn Əsgərlinin informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlardan bəhs edərək, bu kimi təlimlərin keçirilməsinin günümüz üçün aktuallığını vurğulayıb.

Daha sonra İnformasiya Texnologiyaları şöbəsinin müdiri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvü Hüseyn Əsgərli bildirib ki, təlimin keçirilməsində məqsəd günümüzdə kibertəhlükəsizlik və yeni trendlər barədə iştirakçıların bilik və təcrübələrini artırmaq, onların bu sahədə maarifləndirilməsinə dəstək göstərməkdir. Təlim zamanı iştirakçılar kibertəhlükəsizlik anlayışının mahiyyəti, rəqəmsal əsrdə əhəmiyyəti, kibertəhlükəsizlik təhdidləri, kibertəhlükəsizlikdə inkişaf etməkdə olan texnologiyalar, bulud təhlükəsizliyi, əşyaların internet təhlükəsizliyi, sıfır güvən təhlükəsizlik modeli, biometrik təhlükəsizlik, kibertəhlükəsizlikdə gələcək trendlər və bu sahə üzrə maarifləndirmədə mühüm amillər haqqında məlumatlandırılıblar.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.