
NDU ilə Türkiyənin Ərzurum Atatürk və Van Yüzüncü il universitetləri arasında qarşılıqlı müqavilə imzalanıb
Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, beynəlxalq əlaqələr ofis koordinator köməkçisi, professor Ali Çağlar Güllücə, Van Yüzüncü il Universitetinin rektoru, professor Hamdullah Şevli və universitetin prorektoru Sabahattin Şevgin Naxçıvana gəliblər. Səfər çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qonaqlar Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzey yarandığı dövrdə 420 eksponatla fəaliyyətə başlasa da bu gün muzey fondunda 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.
Muzeyin direktoru iştirakçılara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verib. Ümummilli lider və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar qonaqların diqqətinə çatdırılıb.
Qonaqlar muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qardaş ölkənin rektorları ilə ali təhsil ocağının Diplomatiya kabinəsində görüşüb. İkitərəfli görüşdə Elbrus İsayev rektorları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin əməkdaşlıq əlaqələrində hər iki universitetin xüsusi rolu olduğunu qeyd edib. Bildirilib ki, bu tarixi ənənənə Ərzurum Atatürk Universiteti ilə 1992-ci ildən, Van Yüzüncü il universiteti ilə 1998-ci ildən başlanıb. Vurğulanıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Türkiyənin 130-dan artıq universiteti arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verən Elbrus İsayev ali təhsil ocağında Tibb təhsilindən, rezidentura üzrə kadr hazırlığı istiqamətlərindən, fakültənin bazasında ayrıca xəstəxananın mövcudluğundan danışıb. Elbrus İsayev professor-müəllim heyətinin akademik göstəriciləri, elmi məqalələrin nüfuzlu jurnallarda nəşri ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Qeyd edilib ki, ali təhsil ocağı elmi tədqiqat istiqamətli araşdırmalara üstünlük verməklə gələcək hədəflərini müəyyənləşdirir.
Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı yüksək qonaqpərvərlikdən olduqca məmnun olduğunu dilə gətirib. Qeyd edilib ki, Türkiyənin ən qədim yeddi universitetindən biri olan Atatürk Universiteti mərkəzindəki universitet xəstəxanası olan və Şərqi Anadolu və Şərqi Qaradəniz üçün önəmli sağlıq mərkəzi roluna sahibdir. Vurğulanıb ki, bölgənin əhəmiyyətli sağlamlıq mərkəzləri daxil olan ali təhsil ocağı Türkiyənin 20 araşdırma universitetləri sırasında yer alır.
Görüşdə Ərzurum Atatürk Universiteti ilə kənd təsərrüfatı biotexnologiyası, beynəlxalq ticarət və logistika, Erasmus+, Mövlana proqramalarının təşkili, birgə elmi konfransların təşkili, ortaq doktorantura proqramları, rezidentlərin təcrübə proqramlarına cəlbi, tələbə təşkilatlarının birgə fəaliyyəti, dizayn və incəsənət sahəsində əməkdaşlıq, kitab mübadiləsi məsələləri müzakirə olunub.
Van Yüzüncü il Universitetinin rektoru, professor Hamdullah Şevli ilk dəfədir olduğu universitet haqda yüksək təəssüratlarını bölüşüb. Rektor bildirib ki, Van Yüzinci il Universitetinin bu il 40-cı ildönümü qeyd olunur. Professor mövcud ixtisaslar və universitetin gələcək perspektiv imkanları haqda məlumat verib.
Van Yüzüncü il Universiteti ilə görüşdə beynəlxalq akkreditasiya qaydaları, Erasmus+, Mövlana proqramları çərçivəsində müəllim və tələbə mübadiləsi, meliorasiya və turizm sahəsində təcrübə əldə etmək, elmi araşdırmalar, coğrafi araşdırmalar, qida mühəndisliyi, zootexnik sahəsi üzrə araşdırma mərkəzlərinin birgə fəaliyyətinə dair müzakirələr aparılıb.
Tədbirdə bu ilin yayında Naxçıvan Dövlət Universitetində keçirilməsi nəzərdə tutulan Beynəlxalq tibb forumunda hər iki universitetin iştirakı barədə razılığa gəlinib.
Naxçıvan Dövlət Universiteti ilə hər iki universitet arasında qarşılıqlı protokol aktı imzalandıqdan sonra rektorlar qarşılıqlı hədiyyələr təqdim edib və universitetin xatirə kitabına öz ürək sözlərini yazıblar.
Sonra qardaş ölkənin rektorları ali təhsil ocağının İncəsənət fakütəsi və Musiqi Kollecinin birgə əməyi nəticəsində ərsəyə gələn konsert proqramını izləyiblər. Konsertdə M.Maqomayevin “Azərbaycan”, Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Türk xalq mahnısı “Divanə bülbül” və digər mahnılar tamaşaçıların zövqünü oxşayıb.
Qeyd edək ki, qonaqlar həmçinin Naxçıvanın gəzməli yerlərini ziyarət ediblər. Onlar Əshabi-kəhf ziyarətgahında, Naxçıvanqalada, Nuhun qəbirüstü abidəsində olublar. Naxçıvanın simvoluna çevrilmiş Möminə-xatun məqbərəsi və Xan sarayını gəzintisindən yüksək zövq alıblar. Türkiyəli rektorlar səfər çərçivəsində həmçinin Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında olublar. Qonaqlara ali təhsil müəssisəsində artıq iki ildir əsası qoyulan Hərbi tibb ixtisası haqqında məlumat verilib. Qeyd edilib ki, bu ixtisas üzrə təhsil alan tələbələr IV kursadək ali təhsil aldığı universitetdə və kliniki bazalarda, son 2 ili isə hərbi andı qəbul edərək birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alırlar.