NDU-nun Xarici dillər fakültəsində olan məktəblilər xarici dilin öyrənilməsinin əhəmiyyəti adlı maarifləndirici tədbirdə iştirak ediblər

M.T.Sidqi adına 4 saylı orta məktəbin şagirdləri və təcrübəçi tələbələri Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində olublar. Fakültə haqqında ümumi məlumat verildikdən sonra şagirdlər fakültədə mövcud olan  maddi-texniki baza ilə tanış olublar.

“Xarici dilin öyrənilməsinin məqsəd və əhəmiyyəti” adlı tədbirdə abituriyentlər xarici dili öyrənməyin vacib məqamları haqda məlumatlandırılıb.  Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şirməmməd Qulubəyli tədbirdə çıxış edərək xarici dilin  öyrənilməsinin məqsəd və əhəmiyyəti haqqında danışıb.

Sonra fakültənin müəllimləri  aktual mövzu ilə bağlı çıxışlar ediblər.

Şagirdlər Xarici dillər fakültəsində dərs prosesi ilə yaxından tanış olub, sinxron tərcümə mərkəzində, linqafon kabinədə dərsin və tərcümə prosesinin gedişatı barədə ətraflı məlumat əldə ediblər.

Sonda şagirdlər ədəbiyyat kabinəsində ingilis və amerikan yazıçılarının kitabları ilə tanış olub və oradakı kitabxanadan  istifadə qaydalarını öyrəniblər.

Şagirdlər fakültədən xoş təəssüratlarla ayrılıblar.