NDU tələbələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahirə Hüseynovanı pedaqoq kimi dinləyiblər

NDU tələbələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahirə Hüseynovanı pedaqoq kimi dinləyiblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahirə HüseynovaNaxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tələbələri üçün ustad dərsi keçib. Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, professor Mahirə Hüseynova fundamental araşdırmaları, tədqiqatları, saysız-hesabsız elmi-publisistik məqalələri ilə Azərbaycan elminin və ictimai fikrinin daha da zənginləşməsinə xidmət edir.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, 1989-cu ildə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə ötən ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasına çevirildi və Prezident İcmanın üzvləri ilə görüşdə dəqiq tarixi faktlara əsaslanaraq, tarixi Qarabağ zəfərindən sonra diqqəti Qərbi Azərbaycan həqiqətlərinə yönəltdi. Natiq vurğulayıb ki, bu gün biz ziyalıların üzərinə düşən vəzifə müzəffər Ali Baş Komandanın göstərdiyi yolda irəliləmək, əməli fəaliyyət göstərmək, elmi tədqiqatları genişləndirməkdir.

Professor vurğulayıb ki, bu gün Qərbi Azərbaycan həqiqətlərindən danışarkən, unudulmaz alim və görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyevin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Diqqətə çatdırılıb ki, Qərbi Azərbaycanın elmi baxımdan ilk araşdırıcılarından biri  olan prof. H.Mirzəyev buradakı bütün tanınmış şəcərələri, ərazinin dialekt və şivələrini, toponimlərini dəqiqliyi ilə araşdırıb.

Mahirə Hüseynova elmi  yaradıcılığından ətraflı danışaraq, tələbələrin suallarını cavablandırıb. Tələbələr Mahirə Nağıqızının şeirlərini öz dilindən eşidib.

Professor ona ünvanlanan sual müəlliflərinə öz kitablarından hədiyyə edib.

Sonda fakültənin dekanı Arif Ağalarov səmimi keçən görüş üçün Mahirə xanıma öz minnətdarlığını ifadə edib, ona cansağlığı, fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Diqqətə çatdırılıb ki, görkəmli ziyalı, yüksək-ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi qayğı və diqqət göstərən, ictimai xadim kimi də tanınan Mahirə Hüseynova eyni zamanda olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər  də gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaq.

Leave a Reply

Your email address will not be published.