Nüfuzlu nəşrlərdə məqalə sayına görə fərqlənən Naxçıvan Dövlət Universiteti əməkdaşları mükafatalandırılıb

Naxçıvan Dövlət Universitetində 2021-ci il üzrə elmi fəaliyyətinə görə fərqlənən universitet əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdən öncə ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində  professor-müəllim heyətinin elmi əsərlərinin sərgisinə baxış olub. Sərgidə beynəlxalq indeksli bazalarda və sahə indekslərində yer alan məqalələrin və nüfuzlu jurnalların üz qabığı nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada təhsilə xüsusi diqqət yetirilir, onun inkişafına yeni və innovativ metodlarla yanaşılır. Vurğulanıb ki, muxtar respublikada böyük potensiala malik olan təhsil mühiti yeni inkişaf mərhələsindədir. Bildirilib ki, universitetin beynəlxalq reytinq cədvəllərində öz layiqli yerini tutması üçün nüfuzlu jurnallarda, beynəlxalq elmi indeks bazalarında nəşrlərin olması ən ümdə vəzifələrimizdəndir. Elbrus İsayev beynəlxalq elm platformalarına çıxışlarla bağlı Clarivate Analytics şirkəti ilə keçirilən təlimlərin önəmini xüsusilə vurğulayıb. Nüfuzlu redaksiyalarda kitab nəşrinə nail olmaq məsələləri gələcək perspketivlər kimi önə çəkilib.  Rektor universitet əməkdaşları adından təhsilə, elmi mühitə göstərilən xüsusi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə xüsusi minnətdarlıq ifadə edib. Universitet kollektivinin bundan sonra da elmin uğurla təmsil olunması üçün daha ciddi çalışacağına və göstərilən yüksək etimadı doğruldacağına əminlik ifadə olunub.

Universitetin Beynəlxalq əlaqələr üzrə  prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov universitetin günü-gündən yüksələn inkişaf dinamikasından danışaraq ali təhsil ocağının qazandığı uğurları Ali Məclis Sədrinin təhsilə, elmə göstərdiyi yüksək dövlət qayğısının xüsusi təzahürü kimi qiymətləndirib. Diqqətə çatdırılıb ki, professor-müəllim heyətinin qazandığı uğurlar onlara göstərilən yüksək etimadın bəhrəsidir. Vurğulanıb ki, universitetdə mövcud olan maddi-texniki baza, müasir tədris avadanlıqları, tədqiqatların aparılması üçün qurulan laboratoriyaların təşkili kollektivə imkan yaradır ki, onlar elmi fəaliyyətlə daha ciddi məşğul olsun və öz elmi nailiyyətləri ilə beynəlxalq elmi bazalarda tanınan, istinad olunan müəlliflərdən olsunlar. Seymur Talıbov qeyd edib ki, yaxın zamanda əməkdaşların Web of Science platformalarına daha asan çıxış etməsinə zəmin yaratmaq üçün universitetin həmin indeks bazasında qeydiyyatdan keçməsinə nail olunmaqla müəllimlərin beynəlxalq indeksli jurnallara birbaşa çıxışı təmin olunacaq. Prorektor universitet əməkdaşlarını qazandığı elmi uğurlar münasibətilə təbrik edib.

Elm və innovasiyalar bölməsinin müdiri,  təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqda danışmaq mümkünsüzdür.  Universitetin elm strategiyası və 2021-ci il üzrə elmi fəaliyyətə dair hesabatını təqdim edən Rza Məmmədov bildirib ki, 2021-ci ildə 8-si Web of Science, 3-ü Scopus, 14-ü sahə indeksli olmaqla universitetin 66 əməkdaşının 74 elmi məqaləsi nəşr olunub. Bu statistikanı ötən illə müqayisə etdikdə 10 faiz artım müşahidə olunmaqdadır. Vurğulanıb ki, nəşr olunan məqalələrin 60 faizi ingilis, 25 faizi rus, 8 faizi türk, 7 faizi isə Azərbaycan dilindədir. Bu məqalələr İngiltərə, Rusiya, Bolqarıstan, Hindistan, Ukrayna, Xorvatiya, Meksika, Peru və qardaş Türkiyə və Azərbaycan mərkəzli jurnallarda nəşr olunub.

Beynəlxalq münasibətlər və hüquq  fakültəsinin dekanı,  fəlsəfə üzrə fəlsəfə   doktoru, dosent Yusif Hüseynov nüfuzlu jurnallarda məqaləsi nəşr olunmuş əməkdaşlara universitet rəhbərliyinin diqqət və qayğısı mövzusunda çıxış edib. Çıxışda qeyd olunub ki, kollektiv bundan sonra da daha səy və inamla çalışacaq, göstərilən yüksək etimadı doğruldacaq.

Sonra Web of Science, Scopus indeks bazalarında məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket və pul mükafatı təqdim olunub. Beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlər isə təşəkkürnamə və pul mükafatı ilə təltif ediliblər.