“Oriqami.az” startapı istifadəyə verilib

“Oriqami.az” startapı istifadəyə verilib

Naxçıvan Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı  tabeliyində fəaliyyət göstərən Oriqami klubu üzvlərinin əl işlərinin sərgisi keçirilib. Sərgidə “Riyaziyyat-informatika müəllimliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin hazırladığı 30-a yaxın əl işi nümayiş olunub. Sərgini giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov bildirib ki, heç bir kəsici alət istifadə etmədən kağızların qatlanaraq fiqur halına gətirilməsi işi, özü, bir incəsənətdir. Bu həm istifadə olunmuş kağızların yenidən istehsal prosesinə cəlb olunmasına, həm də heç bir vəsait xərcləmədən, əl əməyi ilə gəlir əldə edilməsinə xidmət göstərən faydalı bir işdir. Tələbələrin bu prosesə qoşulması və müxtəlif fiqurların hazırlanmasında iştirak etməsi, sözsüz ki, yaradıcı işə olan maraq və həvəsdən irəli gəlir.

Sərgiyə baxış zamanı, kağızdan hazırlanmış müxtəlif fiqurlar içərisində fərqli heyvan motivləri, suvenirlər, yeni il aksesuarları və digər əl işləri tədbir iştirakçılarının marağına səbəb olub. Qeyd olunub ki, sərgidə nümayiş olunan əl işlərinin hazırlanmasına Fizika-riyaziyyat fakültəsinin birinci kurs tələbəsi, Oriqami klubunun sədri Tuncay Seyidova  rəhbərlik edib.

Bu fəaliyyəti faydalı gəlir sahəsinə çevirmək adına NDU Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “oriqami.az” startapı hazırlanaraq istifadəyə verilib. Nümayişdən sonra “Oriqami.az” startapını təqdim edən Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov iştirakçıları startapın fəaliyyət mexanizmi və iş prinsipləri ilə tanış edib. O, bildirib ki, startapın yaradılmasında əsas məqsəd ərsəyə gətirilmiş oriqami sənət nümunələrinin satışının təmin edilməsi, potensial alıcılarla ünsiyyət yaradılması, istifadəyə yarasız kağızların bu yaradıcı işə sərf olunmasının təmin edilməsi və tələbələrin şəxsi biznesinin təşkilinə və inkişafına təşviq və motivasiya edilməsindən ibarətdir. Təqdimatın sonunda layihənin rəhbəri, əl işlərinin müəllifləri və saytın yaradıcısı olan tələbələr göstərdikləri xidmətə görə diplomlarla təltif edilib.

Leave a Reply

Your email address will not be published.