
“Pataloji anatomiya və yarma” kitabının təqdimatı keçirilib
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mirvasif Seyidov və Aysel Seyidlinin birgə ərsəyə gətirdiyi “Pataloji anatomiya və yarma” adlı dərsliyin təqdimat mərasimi keçirilib.
Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması bu sahədə fəaliyyəti daha da gücləndirib. Diqqətə çatdırılıb ki, baytarlıq təbabəti ərzaq və qida təhlükəsizliyi ilə yanaşı, həm də insan sağlamlığına xidmət edir və bu sahədə aparılan islahatlar davamlı həyata keçirilir. Rektor təqdimatı keçirilən kitabı baytarlıq sahəsi üçün böyük töhvə kimi qiymətləndirib. Bildirilib ki, kitab bu sahədə təhsil alan tələbələr, müəllimlər və tədqiqatçılar üçün qiymətli bir mənbə hesab oluna bilər. Elbrus İsayev kitabın kadr hazırlığına öz töhvələrini verəcəyini diqqətə çatdırıb, müəllifləri ərsəyə gətirdikləri dəyərli nəşrə görə təbrik edib.
Baytarlıq Təbabəti kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Etibar Məmmədov dərsliyin 4 fəsildən ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, birinci fəsildə ümumi pataloji proseslərin mahiyyəti, ikinci fəsildə ayrı-ayrı orqan və sistemlərin, eləcə də müxtəlif etiologiyalı xəstəliklərin etiopatogenezi, patomorfoloji dəyişiklikləri, diaqnozu və təfriqi diaqnozu, üçüncü fəsildə fərqli növ heyvanların yarılma texnikası, yarmanın təşkili, yarma zamanı ətraf mühitin qorunması, şəxsi gigiyenik qaydalara əməl edilməsi, yarma və yarma protokolunun icrası, dördüncü fəsildə isə baytarlıq məhkəmə ekspertizasının prosedural qaydaları və onun əsasları öz əksini tapır.
Baytarlıq Təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli qeyd edib ki, kənd təsərrüfatı heyvanlarının pataloji anatomiyasına dair bu günədək əsaslı bir dərs vasaiti yox idi. Bu baxımdan yeni dərs vəsaiti müxtəlif xəstəliklərin diaqnostikası məqsədi ilə aparılan yarma və müxtəlif xəstəliklərə dair spesifik patomorfoloji dəyişikliklərin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, pataloji anatomiya nəzəri fənn kimi xəstəliyin mövcud olması barədə materialistik təsəvvürlərin fundamentini formalaşdırır.
Daha sonra çıxış edənlər müəllifi təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəllif çıxış edərək göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib.