Pedaqoji fakültənin təşkilatçılığı ilə ilk dəfə olaraq “Kim daha cəsurdur?” adlı müsabiqə keçirilib

Pedaqoji fakültənin təşkilatçılığı ilə ilk dəfə olaraq “Kim daha cəsurdur?” adlı müsabiqə keçirilib

                Naxçıvan Dövlət Universitetinin Sosial mərkəzində Pedaqoji fakültənin Fənlərin tədrisi metodikası və Texnologiya müəllimliyi kafedrasının təşkilatçılığı ilə ali təhsil müəssisəsində ilk dəfə olaraq “Kim daha cəsurdur?” adlı aşbazlıq müsabiqəsi keçirilib.

          Baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev həyata keçirilən müsabiqənin tələbələrin bacarıqlarının təkmilləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib. Bu məqsədlə Texnologiyalar mərkəzində tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, mərkəzdə qədim xalq sənəti olan xalçaçılıq, qurama, bədii tikmə, toxuma, məişətdə gündəlik istifadə edilən əşyaların hazırlanması və Kulinariya kabinəsində tələbələrin peşə bacarıqlarına yiyələnməsi onların gələcək karyeraları baxımından mühüm əhəmiyyət kəsb edir.

Elbrus İsayev müsabiqənin işinə uğurlar arzulayıb.

          Fənlərin tədrisi və metodikası kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxışı zamanı müsabiqənin məqsədi haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, tədbir müəllim və tələbələr arasında səmimi münasibət yaratmaq, tələbələrə tədris olunan dekorativ sənət, dizayn, kulinariya, gigiyena, süfrə və nitq mədəniyyəti vərdişlərini əyani şəkildə göstərmək məqsədi daşıyır.

          Mətanət Quliyeva rektora tələbələrin əl işi olan rəsm əsərini təqdim edib.

          Sonra müsabiqəyə start verilib.

          Qeyd edək ki, yarışmada müəllim heyəti, işçi heyəti, və könüllülərdən ibarət iki komanda olmaqla ümumilikdə 4 komanda iştirak edib. İştirakçılar ana yemək, salatlar və şirniyyatlar olmaqla 3 qida növünün hazırlanması istiqamətində yarışıblar. Bunun üçün onlara 2 saat vaxt verilib.

          Əlavə olaraq bildirək ki, Azərbaycan Mərkəzi Kulinariya və Assosiyasiyasının, Qazi Aşbazlar Şurasının fəxri üzvü Röyal Baxışov, Naxçıvan liseyində aşpaz qrupunun müəllimi, kulinariya mütəxəssisi, milli kulinariya assosiyasiyasının üzvü Aygün Dünyamalıyeva, universitetin Sosial mərkəzinin müdiri Əfsun Əsgərov, dərnək üzvləri Sevgi Abdullazadə və Şəms İsayeva münsiflər heyəti qismində müsabiqədə iştirak ediblər.

          Məlumat üçün onu da nəzərinizə çatdıraq ki, müsabiqədə estetik xarici görünüş, gigiyena, iştirakçıların fəallığı, hazırlanan təamların, masaların bəzədilməsi, yeməklərin dadı, süfrə mədəniyyəti, qulluq və təamların hazırlanmasına xərclənən büdcə nəzərə alınaraq komandaların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

          Nəticələrə əsasən “Könüllülər I” komandası müsabiqənin qalibi olub.

Qalib komandaya diplom və qiymətli hədiyyə, digər komandalara isə diplomlar təqdim olunub.

          Sonra Aygün Dünyamalıyeva iştirakçılara “Naxçıvan mətbəxi” adlı kitab hədiyyə edib.

          Münsiflər heyəti üzvlərinə isə Texnologiya mərkəzi adından hədiyyələr təqdim olunub.

          Sonda qonaqlar hazırlanan təamları dadıblar.

Leave a Reply

Your email address will not be published.