Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

Pedaqoji təcrübənin təşkilinə aid müasir tələbələr və qarşıda duran vəzifələr adlı çıxışında Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, universitetin əyani şöbəsində  6 fakültə üzrə 16 ixtisas olmaqla  ümumilikdə 409 tələbə muxtar respublikanın 15 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində də pedaqoji təcrübədə olacaqlar. Universitetin müəllimlərindən 67 ixtisas metodist isə təcrübəyə rəhbərlik edəcək. Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbələri isə 45 nəfər olmaqla məşqçilik təcrübəsi keçəcəklər. Prorektor IV kursların yeddi həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.

İngilis dili və metodika kafedrasının müəllimi Leyla Zeynalova, Pedaqogika və psixologiya kafedrasının müdiri, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucovanın təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında danışıblar.